AZ EN RU

İgid, qeyrətli Azərbaycan qadınları var olduqca Azərbaycan da var olacaq

Nə qədər ucasan, şəhid anası

Uca bir zirvə var dünyada. “Şəhidlik zirvəsi” deyirlər adına. Bu zirvə elə bir yerdədir ki, oradan Vətən görünür. O Vətən ki torpağı şəhid qanı ilə yoğrulub. Elə şəhid anası da torpağı sevir, ona deyir sözünü, gözyaşını da torpağa axıdır. Axı oğlu da o torpaq bölünməsin deyə keçib öz şirin canından. Deyirlər ki, oğul var evdən gedir, oğul var eldən. Onlar təkcə öz ailələrinin deyil, Vətənin oğullarıdır, anamız Azərbaycanın ən dəyərli oğulları. Bax həmin övladları böyüdən analardır türkün qəhrəman qadınları. Kişi qeyrətli Tomrisi, dövləti təkbaşına idarə edən Nüşabəni, Şah İsmayılı, Qızıl Arslanı dünyaya gətirən analar. 90-cı illərdə meydana oğulları ilə bərabər çıxıb Sədərəkdə onlarla birlikdə döyüşən analar.

Vətənimizin tarixinə qızıl hərflərlə yazılan Vətən savaşında bütün dünya buna bir daha şahid oldu.

Təkbaşına, çətinliklə böyütdüyü oğlunun nişan üzüyünü məzar daşına möhürlədib Oğlumun toyu Qarabağda dalğalanan bayraqdır, onun igidliyi ilə ovudaram qəlbimi, “Vətən sağ olsun”, – deyən şəhid Həmidin anası Tovuz ananı görəndə,

“Elçinim körpə sevinci yaşamadı, amma əbədi yaşayacaq.

Zəngilanda dünyaya gələn körpələrin nəfəsində yaşayacaq. O körpələr öz yurdunda azad xoşbəxt böyüdükcə, elin arzusu çin olduqca Elçinim də yaşayacaq”, – deyən Aynurə ananı dinləyəndə,

 “Oğlunun məzarı başında məğrurluqla dayanıb baxışları ilə düşmənə meydan oxuyan min oğlum olsa, minini də Vətənə sipər edərdim. Oğullarımız başımızı uca etdi, Vətəni bütövləşdirdi. Oğlum balalarına toy hədiyyəsi verə bilmədi, amma onlara bütöv Azərbaycan hədiyyə etdi, Vaqifim Xocalıda tapdanan namusumuzu, Xankəndidə əzilən iffətimizi təmizlədi, Ağdərəni ağ günlərə çıxardı. İllərdir, qanayan yaraya məlhəmə çevrildi” sözlərini Məryəm anadan eşidəndə dünya bir daha gördü Azərbaycan qadınının nələrə qadir olduğunu.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 08.03.2024 18:08