AZ EN RU

“İgid əsgər möhkəm dayan” mahnısının həsr olunduğu şəhidin xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid olmasının ildönümündə “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri şəhidin ailəsi ilə birlikdə Naxçıvan şəhərindəki şəhidlər xiyabanında onun məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Cehun Bayramov qeyd edib ki, bu gün şəhid məzarları önündə qürurla dayanırıq. Çünki Vətən müharibəsində qələbə qazanmaqla 90-cı illərdə şəhid olan oğulların da qisasını aldıq. Onların uğrunda şəhid olduqları torpaqlar daha işğal altında deyil. Milli Qəhrəman Yusif Mirzəyevin uğrunda canından keçdiyi Ağdərə rayonu artıq azaddır. Bu gün onun ruhu şaddır. Çünki onun kimi oğulların rəşadəti sayəsində azad Vətən torpağında Azərbaycan bayrağı dalğalanır. Yusif Mirzəyevin şəhid olduğu gündən 32 il keçməsinə baxmayaraq xatirəsi daim anılır.

Sonda şəhidin qohumları anım tədbirinin təşkilinə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, Yusif Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Orta təhsilini Naxçıvan şəhərində alan Yusif Mirzəyev ali təhsilini Bakı şəhərində aldığı illərdə 1988-ci ildə xalq hərəkatına qoşulur. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus ordusunun əsgərləri ona ağır işgəncələr verir.  O, 1991-ci ilin sonlarında sakit həyatla vidalaşıb, könüllü olaraq cəbhə bölgəsinə yollanır. Y. Mirzəyevin ilk döyüşü Ağdərə – Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir.

Y. Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən, döyüşçüləri mühasirədən çıxarır. O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı  ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilib. Naxçıvan şəhərindəki məktəblərdən birinə və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə Qəhrəmanın adı verilib, məktəbin qarşısında büstü qoyulub.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 19.02.2024 12:17