AZ EN RU

İğdırlı sahibkardan “Şuşa” Uşaq Bağçasına töhfə

Keçən ay türkiyəli jurnalist Cabbar Şıktaşın təklifi ilə “Şuşa” adı verilən və yeni tədris ilində istifadəyə veriləcək İğdırdakı Uşaq bağçasına iş adamı Mehmet Sürkit daha bir dəstək göstərib. Belə ki, İğdırın Mərkəzi Topçular məhəlləsindəki Heydər Əliyev Fənn Liseyinin qaşısında yerləşən bağçaya iş adamı tərəfindən Atatürkün büstü, “Şuşa” adı yazılmış lövhə və bağçaya aid digər stendlər hazırlanaraq hədiyyə edilib.

          Mehmet Sürkit bununla bağlı açıqlamasında deyib: “Azərbaycan bizim üçün Türkiyə qədər müqəddəs vətən torpağıdır. 30 ildir, həsrətlə işğal altında olan torpaqlarımızın azad edilməsini gözləyirdik. Azərbaycanın məğrur Ali Baş Komandanı hörmətli İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə işğaldakı torpaqlarımız azadlığına qovuşmuşdur. Azərbaycan Ordusunun qəhrəmanlıqla mübarizə apardığı 44 gün ərzində 30 illik həsrətə son qoyulmuş, Qarabağ azadlığına qovuşmuşdur. Türkiyə və Azərbaycan liderləri Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etmişlər. Şuşamızın adının İğdırda yaşadılmasına səy göstərənlərə təşəkkür edirəm”.

Qeyd edək ki, İğdır Təhsil şöbəsinin müdürü Sərvət Canlı artıq “Şuşa” Uşaq Bağçasında bütün işlərin tamamlandığını və yeni tədris ilinə uşaqların cəlb edildiyinə başlanıldığını bildirib.

Hazırladı: Səbuhi HƏSƏNOV

Mənbə: “Yeşil İğdır” qəzeti

Nəşr edilib : 07.09.2023 15:07