AZ EN RU

İğdırda yaşayan qərbi azərbaycanlılar deyirlər ki, Qərbi Azərbaycana qayıdış ölkəmizin gücünü göstərir

Bu gün Qərbi Azərbaycana qayıdış tarixi zərurət kimi ortaya qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin nəticəsi kimi elan olunan “Qərbi Azərbaycana qayıdış konsepsiyası” vaxtilə indiki Ermənistan ərazisindən zorla qovulmuş, deportasiyaya məcbur edilmiş soydaşlarımızın öz ata-baba yurdlarına geri dönməsinin beynəlxalq hüquq çərçivəsində həllinə yeni yollar açır. Artıq ölkəmizdə bu istiqamətdə görülən işlər qardaş Türkiyədə yaşayan Azərbaycanəsilli vətəndaşların da diqqətini bu məsələyə yönəldib. Elə bu yaxınlarda türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğanın əslən Qərbi Azərbaycandan olduğunu bildirməsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Maraqlıdır, bu gün Türkiyənin Azərbaycan kökənli sakinlərinin ən çox yaşadığı İgdır (Qars da bura aiddir) bölgəsində Qərbi Azərbaycan həqiqətləri yaddaşlarda necə qorunur? Müsahiblərimiz İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, dərnək üzvlərindən – əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Budaq və Səlahəddin Gür Arasdır. Elə ilk sualımızı da Ziya bəy cavablandırır.

Ziya Zakir Acar: – Hər şeydən əvvəl, qeyd etməliyəm ki, hər kəsin öz tarixini bilmək kimi bir mənəvi borcu var. İğdır bölgəsində yaşayanların da böyük əksəriyyətinin vaxtilə Qərbi Azərbaycandan məcburən, zorla çıxarıldıqdan sonra burada yerləşməsi yaşadığımız tarixin bir hissəsidir. Mən ötən əsrin 80-ci illərində bu acı tarixi özündə əks etdirən “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabını yazmaq üçün İğdırda bu hadisənin şahidi olmuş 1700-ə yaxın insanlar görüşüb onların xatirələrini qələmə almışam. Hətta bu söhbətlərin çoxunu videoçəkilişlə kasetlərə də köçürmüşəm. Onlar elə şeylər danışırdılar ki, inanın, bunlardan yüzlərlə roman yazmaq mümkündür. Ondan sonra da marağımı çəkdi, Qərbi Azərbaycanda yaşamış həmin insanların Türkiyədə və xaricdə yaşayan övladlarını, nəvələrini axtarıb tapdım. Onların çoxu bu haqda məlumatlı idilər, hətta bir çoxunda müəyyən tarixi faktlar da var idi, sonradan mənə göndərdilər. Bu işlərlə bağlı İğdırdakı bütün kəndləri bir-bir gəzmişəm. Həmin kəndlərin çoxu Azərbaycan türkləri tərəfindən qurulub, qohumları, yaxınları ilə gəlib yerləşib məskən salıblar. Sonra Qarsa, Amasiyaya getdim, orada da qərbi azərbaycanlıların yaşadıqları bir çox kəndləri gəzib detallı olaraq onların xatirələrini toplayıb yazdım.

– Ziya bəy, bəs siz özünüz Qərbi Azərbaycanın hansı mahalından gəlibsiniz?

– Sərdarabad rayonunun – indi ermənilər adını Oktemberyan adlandırırlar –  Canfida kəndindən köç etmişik. Bəzi mənbələrdə adı Canfəda kimi də keçir. Bizim kəndimiz Arazın sol sahilində yerləşir. Bu kənddə, əsasən, oğuzların reyhanlı tayfasından olanlar yaşamışlar. 1918-ci ildə bura köçərkən atam çox kiçik yaşlarda imiş. Amma babam Fətullah kişinin həmin kənddə ermənilərlə döyüşdüyünü, onu quyuya necə atdıqlarını, sonra oradan necə çıxıb bura gəldiklərini bura köçmüş seyidlər də danışırdılar. Bunu Turan Atasevər də Qərbi Azərbaycanla bağlı araşdırmalarında qələmə almışdır. Mənim “İçimdəki sızı” kitabında bunlar var. Turan Atasevər 4 yaşında olarkən 1932-ci ildə ailəsi erməni zülmündən qaçaraq İğdırın Kadıkışlak kəndində yerləşən qərbi azərbaycanlılardan olmuşdur. Bu kənd onların orada yaşadıqları İydəli kəndi ilə üz-üzədir, arada, sadəcə, Araz çayı var. İydəli kəndi də bizim Canfida kəndinə qonşu kənddir. Turan Atasevər sonralar Ankara Universitetindən məzun olmuş, biz çox vəzifələrdə işləmiş, hətta 1952-ci ildə “Araz” adlı jurnal da çıxarmışdır. 2023-cü ildə isə İzmirdə dünyasını dəyişmişdir. Yəni demək istədiyim odur ki, Qərbi Azərbaycandan köçüb Türkiyənin bir çox bölgələrində yerləşmiş soydaşlarımız çoxdur.

– Ümumiyyətlə götürdükdə bura köçənlərin ən çoxu hansı mahallardan gələnlərdir? 

Ziya Zakir Acar: – Ən çox Vedibasardan gələnlərdir. Amma Sərdarabaddan, Gərnibasardan, Qəmərlidən, Zəngibasardan gələnlər də az deyil. 

Səlahəddin Gür Aras: – Mənim ata-babalarım Qəmərlidən gəliblər, Şöllü (Çöllü) tayfasındanıq. Kəndimizin də adı Şöllü Mehmandar olub. Babamgil bura gələndə çox olublar. Qonşu Dəmirçi kəndindən də onlarla birgə xeyli sayda insan gəlib. Hazırda bizim tayfadan olanlar Akyüzlər, Güraraslar, Şöllər, Çöllülər soyadı ilə tanınırlar. Bizim soyadımızın Gür Aras olması isə Arazın gur axmasından təsirlənərək götürülüb. Hazırda nəslimizin davamçılarından İğdırda, İstanbulda, Ankarada və digər yerlərdə yaşayanlar var. Bizim bura köçməyimiz də çox ağır şərtlər altında olub. Hərəsinin də bir dastanlıq acı hekayəsi var.

Ziya Zakir Acar: – Bunu da əlavə edim ki, İrəvandan gəlib İğdır və onun kəndlərində yerləşənlər, əsasən, 1915-1918-ci illərdə gələnlərdir. Vedibasardan köçənlər isə 1928-30-cu illərdə gələnlərdir. Onların çoxu İğdırın Daşburun kəndinə köçüb yerləşiblər. Kərbalayı İsmayılın dönəmində bu kəndə gələnlər içərisində bir neçə tayfa olub. Mən özüm də İrəvanda olmuşam 1985-ci ildə. Necə deyərlər, babalarımın doğulub böyüdüyü, yaşadığı kəndi görmək istəyim məni apardı oralara. O zaman özümlə bir azərbaycanlı tərcüməçi də götürmüşdüm. Canfidanı gedib gördüm. Burada yaşayan ermənilərin birindən soruşdum ki, əvvəllər bu kənddə 5 məscid, 3 qəbiristanlıq olub. Bəs haradadır bunlar? Bir yaşlı erməni dedi ki, həmin qəbiristanlıqların hamısını ekskavatorla dağıdıb üstündə iş yerləri tikiblər. Səbəbini soruşdum, dedi, ona görə belə ediblər ki, gələcəkdə nə zamansa, buranın türk yurdu olduğu bilinməsin. Bundan bir neçə il sonra isə Qarabağ hadisələri başladı. 

Fəxrəddin Budaq: – Mənim atamgil köçəndə ilk olaraq İğdırın Quzugüdən kəndinə gəliblər. Amma dolanışıq çətin olduğundan bir müddət qonşu Qasımcan kəndində yaşamalı olublar. Sonra yenidən Quzugüdənə qayıdıblar. Sonra bir çox hadisələr baş verir, Qüdrət bibim atam 13-14 yaşlarında olanda Doğubəyazidə ərə verilir, ancaq atamın bundan xəbəri olmur. Bunun çox acı bir tarixçəsi var. Sonra atam bibimi axtarmağa gedir, ancaq tapa bilmir. Yolda o zaman hökumətin qərarı ilə kimsəsiz uşaqları yığıb məktəblərə göndərən bir qrupun insanları ilə qarşılaşır və onlar da atamı Ərzincana aparıb ibtidai təhsil verən bir məktəbə qoyurlar. Sonra atam ilk təhsilini alıb yenidən kəndə qayıdır. Amma bacısını tapa bilməmək onu çox üzür və nəhayət, 30 il sonra, təxminən, 50-ci illərin əvvəlində Qüdrət bibimin Doğubəyaziddə yaşadığını öyrənir. Atam çətinliklə də olsa, gedib onu orada tapır, bir neçə gün də orada qalıb geri qayıdır. Sonrakı illərdə atam da, bibim də rəhmətə gedir. Bibimin nəvələrindən indi orada yaşayanlar var, onlarla əlaqəmiz davam edir. 

Səlahəddin Gür Aras: – Zaman keçdikcə kəndimizin bir çox insanları Türkiyənin müxtəlif yerlərinə yayılırlar. Bunun da bir səbəbi kəndlərdə yaşayışın çətin olmasına əsaslanır. Gənc nəsil böyüdükcə kimisi təhsil, kimisi iş dalınca digər böyük şəhərlərə üz tutur, sonra da çoxu geri qayıtmır. Beləliklə, bir zamanlar Qərbi Azərbaycandan buralara gəlib yerləşmiş insanların bir çoxu digər bölgələrə də yerləşməli olublar.

Ziya bəy, bu yaxınlarda Qarsda Qərbi Azərbaycana qayıdışla bağlı forumda siz də iştirak etmisiniz. Forum necə keçdi, hansı məsələlər müzakirə olundu?

Ziya Zakir Acar: Bəli, bu forum Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qars bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirildi. Forumda bir çox məsələlərə toxunuldu. Xüsusilə, ermənilərin 1918-1920-ci illər arasında Şərqi Anadoluda törətdikləri cinayətlərdən bəhs olundu. Düşünürəm ki, bu kimi tədbirlərin həm Türkiyədə, həm də Azərbaycanda keçirilməsi, Qərbi Azərbaycanla bağlı məsələlərin müzakirə olunması çox böyük əhəmiyyət daşıyır. Həm tarixi öyrənmək, təbliğ etmək baxımından, həm də Azərbaycan türklərinin tarixi hüquqlarının bərpası baxımından mühüm önəmi var.

Fəxrəddin Budaq: Bunu da əlavə edim ki, bu gün Türkiyəyə qarşı saxta soy qırımı iddialarını göndəmə gətirən ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qırğınlar indiki Ermənistan adlanan Qərbi Azərbaycan ərazilərində də olub. Tarixi mənbələrə görə 300 minə yaxın Qərbi Azərbaycan türkü öz ata-baba ocaqlarından ayrı düşüb. Onların bir qismi də Qarsa və onun ətrafına gəlib yerləşmişlər. Yəni, əslində azərbaycanlılar həm Qərbi Azərbaycanda, həm də buralarda böyük qırğınlara məruz qalıblar. Həmin qaçaqaç zamanı İran tərəfə də keçənlər çox olub, bir müddət sonra geri qayıdıblar. Bura qayıdanda da ev-eşiklərinin tamamilə dağılmış vəziyyətdə olduqlarını görüblər. Bu haqda Ziya bəyin kitablarında xeyli məlumatlar var.

Ziya Zakir Acar: Elə forumda səsləndirilən ortaq fikirlərdən biri də bu oldu ki, bugünkü Ermənistan dövləti qərbi azərbaycanlıların bu hüquqlarının pozulmasına görə təzminat ödəməlidir.

Səlahəddin Gür Aras: Qərbi Azərbaycandan Türkiyəyə köçən elə bir ailə tapılmaz ki, o ailədə bu ağrı-acılardan bir iz qalmasın. Hər kəs yaxınlarını itirib, maddi-mənəvi ziyana uğrayıb. Biz bütün bunları ata-babalarımızdan çox eşitmişik, sağ olsunlar, Ziya Zakir Acar, Sərdar Ünsal və digər vətənsevər aydınlarımızın sayəsində bütün bu hadisələr qələmə alınıb.

Qərbi Azərbaycana qayıdış böyük və çox əhatəli bir mövzudur, bu haqda nə qədər danışsaq da, bunu bir yazıya sığışdırmaq mümkünsüzdür. Amma bu gün Azərbaycan dövləti, şəxsən cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş bu konsepsiyanın uğurlu təbliğində hər birimiz fəal rol oynamalıyıq. Son olaraq bununla bağlı fikirlərinizi öyrənmək istərdim.

Ziya Zakir Acar: Həqiqətən, 44 günlük Vətən müharibəsindən sonra qazandığımız Böyük Zəfər regionumuzda bir çox reallıqları dəyişdirdi. Cənab İlham Əliyevin bu qələbədən dərhal sonra “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nı elan etməsi 100 ildən artıq bir dövrdə saxta erməni iddiaları ilə üz-üzə qalan, bu kirli siyasətin ağrı-acısını yaşamış yüzminlərlə qərbi azərbaycanlının hüquqlarının bərpası yönündə atılmış ən böyük addımdır. Buna görə də bu işdə həmrəy olmalı, tarixi ədalətin bərpasına birgə çalışmalıyıq.   

Səlahəddin Gür Aras: Mən də Ziya bəyin fikri ilə tamamilə razıyam. Azərbaycan türkləri son 200 ildə tarixin ən böyük sınaqları ilə üz-üzə qalıblar, amma şükürlər olsun ki, türkün mərdliyi, öz el-obasına yurd sevgisi, dövlətçilik şüuru onu ayaqda saxlayıb. İnanıram ki, yaxın gələcəkdə türkün gücü ilə hər kəs hesablaşacaq və bu gücün önündə gedən Türkiyə və Azərbaycan tarixi ədaləti də bərpa edəcək.

Fəxrəddin Budaq: Bu gün Azərbaycan dövlətinin qərbi azərbaycanlılarla bağlı ortaya qoyduğu uzaqgörən siyasət bizi qürurlandırır. Həm də ona görə ki, biz bu siyasətin arxasında güclü Azərbaycan görürük, haqqın, ədalətin, nəhayət ki bərpasını görürük. Həmrəyliyimiz nə qədər güclü olarsa, arzularımız da o qədər çin olar.

Fikirləriniz üçün sağ olun, hər birinizə təşəkkür edirəm.

  Səbuhi HƏSƏNOV

Naxçıvan-İğdır-Naxçıvan

Nəşr edilib : 15.07.2024 15:12