AZ EN RU

İğdırda Xocalı soyqırımının 32-ci ili anılıb

İğdır Mədəniyyət Mərkəzində keçirilən tədbirdə İğdır valisi Ercan Turan, AK partiyanın İğdır deputatı Cantürk Alagöz, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhuna Qurani Kərimdən ayələr oxunub.

Xocalı haqqında qısa filmin nümayişindən sonra İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar giriş sözü ilə çıxış edərək bildirib ki, qardaş Azərbaycanın Qarabağı işğaldan azad etməsi ruhumuzun dərinliklərində açılan yaraya məlhəm oldu. Tarix bunu "Bir millət, iki dövlət" düsturu ilə Qafqazda yenidən təcəlli etdirdi. Bu müharibə və zəfər gec də olsa ədalətin bərpa olunması, zülmkarların cəzalandırılması üçün tarixi bir uğur və yeni mərhələdir. "Xocalıya ədalət" şüarımız isə hüquqi ədalət yerini tapana qədər davam edəcək.

Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev Xocalıda törədilən soyqırımı cinayəti haqqında danışıb.

Digər çıxış edənlər Xocalıda baş verən dəhşətlərdən, türk xaqları olaraq birlik və həmrəyliyimizin daha da gücləndirilməsindən, bu birliyimizin dünyaya daha çox bəyan etməli olduğumuzdan danışıblar.

Tədbirin davamında professorlar Hacalı Nəcəfoğlu və Amir Əliyev Xocalı soyqırımı haqqında geniş məlumat veriblər.

Sonda İğdır valisi Ercan Turan Naxçıvandan tədbirə dəvət olunan şəhid atalarına hədiyyələr təqdim edib.

Nəşr edilib : 27.02.2024 09:52