AZ EN RU

İğdır şəhərində tamaşa nümayiş olunub

    Tükiyə Cumhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun və Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin rəhbəri Serpil Önalın təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı heyəti tərəfindən  İğdır şəhərində “Cibimizdəki dəlilik” tamaşası nümayiş olunub.
    İğdır Kültür Mərkəzində təqdim edilən tamaşanı qardaş ölkənin sənətsevərləri izləyib. Türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev quruluş verib. 
    “Cibimizdəki dəlilik”də insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi əks olunur. Tamaşa klassik və müasir teatr anlayışlarının vəhdəti və ənənələrdən bəhrələnməklə yeniliyin tətbiqidir. 
    Şekspirin məşhur “Həyat bir səhnədir, biz isə oyunçuları” fikri ilə yekunlaşan tamaşanın izləyicisinə çatdırmaq istədiyi məqam isə, əslində, çox sadədir: sevgi,  anlaşılmaq, dinlənilmək, səmimiyyət cibimizdəki dəliliklə mübarizə aparmağımıza kömək edə bilər.
    Səhnə əsərində gənc aktyorlar Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov Xalq artisti Rövşən Hüseynov, Əməkdar artistlər Əbülfəz İmanov, Səməd Canbaxşiyev kimi peşəkar aktyorlarla eyni səhnəni bölüşüblər. 

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.12.2023 12:06