AZ EN RU

İğdır-Naxçıvan təbii qaz kəmərinin tikintisi qısa müddətdə tamamlanacaq

Mayın 14-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalandı. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tərəfindən imzalanmış sazişə əsasən, iki qardaş ölkə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcəklər. İmzalanma mərasimində sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcəyi də qeyd olundu. Həmçinin görüş zamanı tərəflər, səmərəli enerji əməkdaşlığı, birgə reallaşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə etdilər. Həyata keçiriləcək yeni iş birliyi layihələrinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəyinə əminlik ifadə olundu.

Bu görüşdə toxunulan mühüm məsələlərdən biri də İğdır-Naxçıvan təbii qaz boru kəmərinin tikintisi ilə bağlı oldu.  Məlum olduğu kimi İğdır-Naxçıvan boru kəmərinin təməli 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Dövlət başçıları həmin gün mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini də xüsusi olaraq vurğulamışdılar. Azərbaycan Prezidenti İğdır-Naxçıvan qaz kəmərinin çəkilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirərək bunun əlaqələrimizə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirmişdi. Türkiyə Prezidenti isə bəyanatında İğdır-Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd etmişdi. Təsadüfi deyil ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan iqtisadiyyat naziri ilə görüşündən sonra X platformasında yazdı ki, İstanbulda görüşdən sonra dost və qardaş ölkə Azərbaycanla təbii qaz sahəsində yeni əməkdaşlıq müqaviləsi imzaladıq. “Müqavilə çərçivəsində biz Azərbaycan və Türkmənistan qazını Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatdırmaq barədə razılığa gəldik. Biz həmçinin TANAP və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin imkanlarını artırmaq və Avropa ölkələrinə daha çox qaz çatdırmaq üçün birgə işləmək qərarına gəldik. Görüş münasibətilə ölkələrimiz arasında birbaşa təbii qaz əlaqəsini təmin edəcək İğdır-Naxçıvan təbii qaz boru kəmərini ən qısa zamanda başa çatdırmaq əzmində olduğumuzu da vurğuladıq”, – deyə türkiyəli nazir bildirdi. Həmçinin türkiyəli nazir qaz kəmərinin bu ilin sonuna, ya da gələn ilin əvvəlində istifadəyə veriləcəyini qeyd etdi.

Xatırladaq ki, İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, hazırda Naxçıvan Muxtar Respublikasının illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. İstifadədən sonra isə boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq. Gələcəkdə isə kəmərin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkün olacaq. Ən önəmlisi isə yeni qaz kəməri Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, onun bir mənbədən asılılığını da aradan qaldıracaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 17.05.2024 10:27