AZ EN RU

IELTS Mərkəzinin fəaliyyətə başlaması ali təhsil tarixində yaddaqalan hadisədir

    Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının Xarici dillər fakültəsində yeni yaradılan IELTS Mərkəzinin gələcək perspektivləri müzakirə edilib. Bu münasibətlə universitetin rektoru Elbrus İsayev çıxış edərək mərkəzin fəaliyyətə başlamasını, nəinki universitet, həmçinin muxtar respublika ictimai və mədəni mühitinə verilən yüksək töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, artıq İngilis dili və tərcümə, İngilis dili müəllimliyi ixtisaslarını bitirən tələbələr IELTS üzrə əvvəlcədən təyin olunmuş bal topladıqları zaman bitirdikləri ixtisas üzrə diplom ala biləcəklər. Bildirilib ki, müasir dövrün tələbləri nəzərə alınmaqla ixtisas dərslərini mənimsəyən tələbələrin bu istiqamətdə nəzəri və təcrübi bilikləri yoxlanılacaq.
    Diqqətə çatdırılıb ki, bu ilin iyun ayına planlaşdırılan imtahanlarda yaş məhdudiyyəti nəzərə alınmadan İngilis dili ixtisasında dərs deyən bütün müəllimlər iştirak edəcəklər. Elbrus İsayev magistratura və doktorantura təhsil pillələrində xarici dil kimi ingilis dilinin daxil edilməsini və bu istiqamətdə dil bilgilərinin yoxlanılmasını nəzərə alaraq bu mərkəzin gələcəkdə müəllim və tələbələr üçün hansı üstünlüyə malik olacağını da vurğulayıb.
    Qeyd edək ki, IELTS Mərkəzinin bir üstünlüyü də ondan ibarətdir ki, ali təhsil ocağında ixtisası ingilis dilində olan İqtisadiyyat ixtisası tələbələrinin də təcrübi bilik bazasının formalaşmasına müsbət təsir göstərəcək. Rektor bu məqsədlə həmin ixtisasın tələbələri ilə görüş zamanı bildirib ki, bu tədris ilindən etibarən artıq Beynəlxalq münasibətlər ixtisası da öz tədrisini ingilis dilində davam etdirəcək. Diqqətə çatdırılıb ki, İqtisadiyyat ixtisasını bitirən tələbələr də gələcəkdə IELTS üzrə sertifikat imtahanından yüksək nəticə əldə etməklə universiteti bitirəcəklər. Rektor keçirilən görüşü yüksək qiymətləndirib və tələbələrə keçdikləri fənləri daha dərindən mənimsəyib, gələcəyin peşəkar kadrı olmağı tövsiyə edib. 
    Sonda ingilisdilli İqtisadiyyat ixtisasında təhsil alan tələbələrə hədiyyələr təqdim olunub. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 22.04.2022 19:40