AZ EN RU

IELTS Mərkəzində növbəti imtahan uğurla həyata keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib. Artıq altıncı dəfədir, keçirilən imtahanda 39 nəfər iştirak edib. İki gün davam edən imtahanda namizədlər IELTS danışıq imtahanında iştirak edib, sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib. İmtahan universitetin xarici dillər fakültəsinin müəllimləri, ingilisdilli ixtisaslarda dərs deyən müəllimlərlə bərabər ali təhsil ocağının Beynəlxalq məktəbində dərs demək üçün müraciət edən namizədlər də qatılıb.  

 Mərkəz artıq universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə müsbət təsir göstərib. Onu da qeyd etmək yerinə düşər ki, mərkəz beynəlxalq əməkdaşlıqda uğurlar qazanan ali təhsil ocağının gələcək perspektivlərini, ikili diplom layihələrində iştirakını təmin edir. Bu imtahanlardan uğurla keçən müəllim və tələbələr ikili diplom proqramlarına qatılır, öz təhsillərini xarici ölkə universitetlərində davam etdirirlər.

Səadət ƏLİYEVA

Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 23.02.2024 18:49