AZ EN RU

İdmanın inkişafına göstərilən dövlət qayğısı sağlam gəncliyin yetişdirilməsinə xidmət edir

    Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin 5 mart tarixi Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd edilir. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə bu sahənin inkişaf strategiyasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən atılıb.
    Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki, əqli cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirildi. 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоydu. Həmin ilin 31 iyulunda hazırkı ölkə başçısı cənab İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkə­mizdə idmаn hərəkаtı daha da gеnişləndi, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlər həyаtа kеçirilməyə başlandı. Azərbaycana rəhbərliyi dövründə isə ölkənin idman həyatında yeni inkişaf konsepsiyası tətbiq olundu. Nəticədə, bədən tərbiyəsi və idman sahəsində kütləvilik artdı, güclü idmançı nəsli yetişdi, Azərbaycan etibarlı ev sahibi ölkə kimi nüfuz qazandı,  beynəlxalq aləmdə böyük uğurlar əldə olundu. 

    Ölkə başçısının diqqət və qayğısı ilə idman sahəsində əsl yüksəliş dövrünü yaşayan ölkəmiz müasir və baxımlı idman infrastrukturu, o cümlədən təşkilatçılıq bacarığı sayəsində nüfuzlu yarışların ev sahibi oldu. Bunlara misal olaraq 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, I Avropa Oyunları, 17 yaşadək oğlanlar arasında futbol üzrə Avropa çempionatı, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-priləri,  güləş, cüdo, atıcılıq, gimnastika və bir çox idman növləri üzrə qitə və dünya çempionatlarını qeyd edə bilərik. Futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsinə nail olmaq kimi mühüm nailiyyət də ölkəmizin beynəlxalq sferada artan nüfuzundan irəli gəlir. Müstəqillik illərində Yay Olimpiya Oyunlarından, ümumilikdə, 49 medal qazanıldı. Sonuncu Paralimpiadada əldə olunan tarixi uğur isə bir daha göstərir ki, ölkəmizdə idman əhatəli şəkildə inkişaf edir və bu mənada, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, onlara göstərilən dövlət dəstəyi öz bariz nəticələrini verməkdədir. Xatırladaq ki, Azərbaycanın yığma komandası Tokio Paralimpiadasını 14-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla,  19 medalla tamamlayaraq ölkə tarixində ilk dəfə olaraq bu mötəbər yarışlarda ilk onluğa yüksəlməyi bacarmışdı. Bütövlükdə isə təkcə ötən il idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb və onlardan 300-ə yaxını qızıl medaldır. Ümumiyyətlə, olimpiadalar da daxil olmaqla, bir sıra nüfuzlu yarışlarda uğur qazanmış idmançı və məşqçilər dövlətimiz tərəfindən müxtəlif formada mükafatlandırılır. Bütün bunlar onların əhvali-ruhiyyəsini, maddi və psixoloji vəziyyətini yüksəltməklə böyük karyera və uğurlar baxımından stimullaşdırıcı xarakter daşıyır. Sonuncu dəfə ötən ilin idman yekunlarına həsr olunmuş tədbirdə Prezidentin bir qrup idman ictimaiyyəti nümayəndəsini mənzil orderi ilə şəxsən təltif etməsi, motivasiyaedici və istiqamətləndirici fikirləri ilə onlara növbəti dəfə öz dəstəyini göstərməsi dövlətimizin daim idmançıların yanında olduğunun nəticəsidir. 

    Qeyd etmək lazımdır ki, Böyük Zəfərin ardınca azad edilmiş ərazilərdə dövlətimizin apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi idman infrastrukturunun yaradılması da əsas planlara daxildir. Ötən il artıq Şuşada “Shusha Chess-2022” beynəlxalq şahmat turniri, Suqovuşanda “Mingəçevir reqatası-2022” beynəlxalq avarçəkmə turniri və Zəngilanın Ağalı kəndində  “Zəfər yürüşü” triatlon turniri keçirildi. Prezident cənab İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı tədbirdə səsləndirdiyi fikirlərdən də aydın olur ki, əzəli torpaqlarımızda idmanın gələcək inkişafına xüsusi önəm verilir: “Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir”.
    Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına xüsusi dövlət qayğısı göstərilir. Gənc nəslin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. İdmançılarımız ölkə və beynəlxalq arenalarda keçirilən yarışlarda, irimiqyaslı və nüfuzlu çempionatlarda, turnirlərdə uğurla təmsil olunur, müxtəlif mükafatlara layiq görülürlər. İstedadlı idmançılara dövlət qayğısı göstərilir, il ərzində fərqlənən yeniyetmə və gənclərimiz mükafatlandırılır.

    Dövlət gənclər və idman siyasətinin davamlı icrasının nəticəsi kimi bədən tərbiyəsi və idman muxtar respublikada ildən-ilə daha da inkişaf edir. Son illər bu istiqamətdə görülən işlər intensiv xarakter alıb. Dəvət əsasında təcrübəli idman mütəxəssisləri tərəfindən təlim, kurs və nümunəvi dərslərin təşkili, o cümlədən təmsilçilərimizin ölkəmizdə və xaricdə keçirilən bu tipli tədbirlərdə iştirak etməsi ilə təcrübə mübadiləsi və əməkdaşlıq işi davam etdirilib, müxtəlif idman növləri üzrə yeni bölmələrin yaradılması, ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın modernləşdirilməsi, bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və pullu xidmət növlərinin inkişaf etdirilməsi diqqətdə saxlanılıb. Muxtar respublikada həyata keçirilən tikinti- quruculuq işlərinə uyğun olaraq yeni istirahət parkları və yaşayış binalarının ərazisində sadə tipli idman qurğularının quraşdırılması, idmanda biznes mühitinin formalaşdırılması nəticəsində əhalinin idmana cəlbi daha kütləvi xarakter alıb. Qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. İdmanın müxtəlif növləri ilə məşğul olan qızların sayı ilbəil artmaqdadır. Belə ki, müxtəlif idman federasiyaları və təhsil müəssisələri üzrə qızlardan ibarət klublar yaradılıb, onların idman obyektlərindən istifadəsi təmin olunub, eyni zamanda qadınların məşqçilik və hakimlik fəaliyyətinə cəlbi davam etdirilir. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, yarışlarda iştirakı və mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunur, bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclər üçün əhəmiyyəti barədə maarifləndirici tədbirlər keçirilir. Bununla yanaşı, Naxçıvan idmanında baş verən aktiv proseslər son illər yeni zərurətlərin yaranmasına səbəb olub. Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verildikdən sonra muxtar respublikada çimərlik futbolu və çimərlik voleybolu kimi mövsümi idman növləri yarandı, fitnes zallarının artımı ilə bir sıra idman növlərində canlanma başladı, muxtar respublikanın təbii-coğrafi relyefi və turizm imkanları sayəsində “skandinav yürüşçü”ləri formalaşdı, yamac paraşütü üzrə test uçuşları və yolsuzluq avtomobillərinin yürüşləri keçirildi. 23 ölkədən 50 titullu şahmatçı olmaqla, ümumilikdə, 200-ə yaxın idmançının iştirakı ilə 16 yaşadək şahmatçılar arasında Beynəlxalq Şahmat Olimpiadası, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 55 yaşının qeyd olunması ilə bərabər, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Bir uşaq-bir top” adlı ilk genişmiqyaslı futbol festivalı keçirildi. Naxçıvana dəvət olunan dünyaca tanınmış Tanju Çolak, Elnur Məmmədli, Hacı Əliyev və bir çox sayılıb-seçilən simalar gənc nəslin yeni təcrübələr əldə etməsinə vəsilə oldu. Şahmat üzrə beynəlxalq statuslu norma və reytinq turnirləri keçirilməyə başlandı. “Level-1” beynəlxalq məşqçilik kursları və təlimlərin məntiqi davamı olaraq ilk badminton klubu yaradıldı. İlk dəfə olaraq bədii gimnastika üzrə nümunəvi çıxışlar nümayiş olundu, balaca gimnastlarımız qrup halında ölkə səviyyəli yarışlarda çıxış etməyə başladılar. Vətən müharibəsi iştirakçılarının idmana cəlbində intensivlik yaradıldı. Naxçıvan idman ictimaiyyətinə verilən dəyərin örnəyi olaraq ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə  5 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görüldü. Muxtar respublika idmançıları ölkəmizin və dünyanın müxtəlif arenalarında uğurlu çıxışları ilə yadda qaldılar. Belə ki, idmançılarımız 2022-ci il ərzində ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, 316 medal qazanıblar. Medallardan 131-i qızıl,  77-si gümüş, 108-i isə bürüncdür.
    Gələcəyimiz olan gənclərin fiziki və əqli cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi müvafiq sahənin davamlı inkişafı istiqamətində işləri davam etdirir. Nazirlik dövlət idman siyasəti çərçivəsində tələb və tapşırıqların icrasını diqqət mərkəzində saxlayaraq ölkəmizin və muxtar diyarımızın idman mühitinə töhfə verməsi üçün maksimum səylə çalışacaqdır. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq artıq müxtəlif layihə və tədbirlərin icrasına başlanılıb. Bu və digər istiqamətlər üzrə il ərzində bir sıra genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

 

Nəşr edilib : 03.03.2023 19:13