AZ EN RU

İdmanın inkişafı tədbirləri davam etdirilir

Dövlət proqramı icra olunur

    Dünya miqyasında bədən tərbiyəsi və idmanın rolu davamlı şəkildə artmaqdadır. İdmanın bütün tarixi dövrlərdə öz aktuallığını qorumasının başlıca səbəbi bu sahənin insanın fiziki və mənəvi inkişafını təmin etməyin ən təsirli vasitələrindən biri olmasıdır. İdmanın inkişafı yeniyetmə və gənclərin sağlam ruhda böyüməsi, cəmiyyətin gələcək inkişafının möhkəm təməllər üzərində dayanması deməkdir. 

    Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, Naxçıvan idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda fəal iştirakı təmin olunur və qazanılan nailiyyətlərin sayı ildən-ilə artır. Bu, muxtar respublikada idmançıların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması və müasir idman infrastrukturunun yaradılmasının məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali          Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın məqsədlərindən biri Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsidir. Bu baxımdan 2021-ci il nailiyyətlərlə yadda qalmışdır.

    Ötən il aprel ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilmişdir. Ümumi sahəsi 10 min 300 kvadratmetr olan kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş minifutbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu daxildir. Sentyabr ayında kompleksdə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv olan dövlətlərdə uşaq futbolu ilə bağlı tətbiq olunan “Grassroots” proqramına əsasən 100-dək məktəblinin iştirakı ilə əyləncəli futbol festivalı keçirilmişdir. Ölkə səviyyəsində Naxçıvandan start götürən layihənin məqsədi sağlam həyat tərzinin təbliği, futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli təşkil etmək və onlarda futbola maraq oyatmaq olmuşdur. 

 

    Naxçıvanda idman infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın rayonlarını da əhatə etməkdədir. Dövlət proqramının icrasına uyğun olaraq ötən il Ordubad şəhər stadionunun yenidən qurulması ilə bağlı görülən işlər başa çatdırılmışdır. Ali Məclisin Sədri sentyabrın 15-də stadionda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur. Stadionun ümumi sahəsi        8 min 980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilmiş, sadə idman qurğuları quraşdırılmış, 30 yerlik avtomobil dayanacağı yaradılmışdır. 
    Muxtar respublikada turizmin sürətli inkişafı, dağ xizəkçilərinin  istirahətinin təşkili və bunun üçün tələb olunan komfort şəraitinin yaradılması qış turizmi sənayesinin formalaşmasına gətirib çıxarmışdır. Ötən il Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi Naxçıvanda idmanın inkişafına göstərilən diqqətin digər mühüm təzahürüdür. Mərkəzin fəaliyyətə başlaması qış idman növlərinə marağın artmasına imkan verir. Mərkəzdə gənclər üçün xizəksürmə təlimi təşkil olunmuş, Ağbulaq Xizəksürmə İdman Klubu yaradılmışdır. Həmçinin ötən il Kəngərli rayonunda süni örtüklü minifutbol meydançası istifadəyə verilmişdir. 
    Muxtar respublikada idmançıların əməyinə verilən qiymətin yüksək səviyyədə olması bu sahədə yeni uğurlar qazanmaq üçün stimullaşdırıcı xarakter daşıyır. İdmanın müxtəlif sahələri üzrə fəaliyyət göstərən yeniyetmə və gənclərin ardıcıl olaraq mükafatlandırılması onları daha da həvəsləndirir, bədən tərbiyəsi və idmana olan marağı artırır. Belə idman növlərindən biri də Naxçıvanda özünün yeni inkişaf dövrünü yaşayan şahmatdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nazlı Hümbətova Ali Məclis Sədrinin şahmat üzrə xüsusi aylıq təqaüdünə layiq görülmüş və onun adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır. 
    Bütün bunlarla yanaşı, Naxçıvan şəhərində mayın 3-dən 18-dək kişilər, 20-dən 31-dək qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı təşkil olunmuşdur. Hər iki turnir 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilmiş, sonda qaliblər mükafatlandırılmışdır. İl ərzində Naxçıvan şahmatçılarının ölkə və beynəlxalq çempionatlarda iştirakı təmin edilmişdir. 
    Ümumilikdə, ötən il idmanın müxtəlif növləri üzrə Naxçıvan idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda 27 qızıl, 32 gümüş və 23 bürünc medal qazanmış, muxtar respublikada 602 idman tədbiri keçirilmişdir. 
    İdman insanın fiziki sağlamlığını təmin etdiyi üçün keyfiyyətli həyat tərzinin əsas şərtlərindəndir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə, cəmiyyət üçün faydalıdır”. Həm də idman ona görə faydalı fəaliyyət növüdür ki, bu vasitə ilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması təmin olunur. Bu istiqamətdə tədbirlər 2021-ci ildə də davam etdirilmiş, Dövlət proqramının icrası məqsədilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında 9 idman növü üzrə birinciliklər keçirilmişdir. Bədən tərbiyəsi və idman asudə vaxtın səmərəli təşkil forması kimi gənc nəslin mənəvi inkişafını müsbət istiqamətlərə yönəltmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür... Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır”.
    Naxçıvan Muxtar Respublikasında idmana təhsil müəssisələri səviyyəsində xüsusi diqqət yetirilməsi peşəkar idmançıların yetişdirilməsi üçün əsas rol oynayır. Yaradılan şərait uşaqlar üçün erkən yaşlardan etibarən idmanı cəlbedici edir və sağlam nəslin formalaşmasına səbəb olur. Ötən il muxtar respublikada, ümumilikdə, 12 təhsil müəssisəsində 17 yeni idman klubu yaradılmışdır. Bu klublar 8 tennis stolu, eyni sayda tennis toru, raketka və şar, 6 basketbol, 4 voleybol, 2 gimnastika topu, 17 tatami, 30 gimnastika döşəyi,            3 universal güc, 3 ağırlıqqaldırma trenajoru, velosiped, xizək və digər avadanlıqlarla təmin edilmişdir.
    Ümumtəhsil məktəblərində fiziki tərbiyə ixtisası üzrə 9 vakant yer müəyyənləşdirilərək müsabiqəyə çıxarılmış, 6 müəllim işlə təmin olunmuşdur. Eyni zamanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika kursu təşkil olunmuş, kursu başa vuran 12 müəllimə sertifikatlar verilmişdir.
    İdman sahəsinə peşəkar yanaşmanın təmin olunmasında kadr hazır­lığı mühüm əhəmiyyət kəsb edir. İdman məşqçilərinin praktik və nəzəri biliklərinin artırılmasına təcrübəli mütəxəssislərin cəlbi görülən işin effektivliyini artırır. Naxçıvanda ötən ilin fevral-aprel aylarında futbol məşqçiləri üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq ixtisaslı əməkdaşları tərəfindən “C” kateqoriyalı məşqçilik kursları keçirilmişdir. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı-məşqçisi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qapıçılar üzrə “B” kateqoriyalı məşqçi kursunu tamamlamışdır. Futbol üzrə Naxçıvan Region Liqasında fəaliyyət göstərən hakimlərin nəzəri biliklərinin artırılması üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər komitəsinin 2 əməkdaşı muxtar respublikaya dəvət olunmuşdur. Həmçinin basketbol üzrə Naxçıvan Dövlət Universitetində təşkil edilən hakimlik kursuna respublika dərəcəli hakim dəvət edilmiş, 15 tələbə           2 həftə ərzində kurs keçmişdir. 
    Dövlət proqramının əsas icra istiqamətlərindən biri idmanın kütləviliyinin təmin olunmasıdır. Bu istiqamətdə təbliğat xarakterli tədbirlər ötən il də davam etdirilmiş, sosial şəbəkə aksiyaları vasitəsilə idmanın üstünlükləri tanıdılmışdır. Müxtəlif idman növləri üzrə məlumat xarakterli posterlər hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. “Araz-Naxçıvan” Futbol Məktəbinin yaranması ilə bağlı gənclər arasında 1000 təşviq bukleti paylanmışdır. İdmanın təbliği ilə bağlı Naxçıvan televiziyasında 188, “Şərq qapısı” qəzetində 95 material hazırlanmışdır.
    Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə bayrağımızı yüksəklərə qaldırırlar. Yaradılan şərait, müasir idman infrastrukturlarının qurulması, Dövlət proqramının uğurla icrası və muxtar respublika rəhbərinin diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

“Şərq qapısı”

Nəşr edilib : 15.02.2022 19:30