AZ EN RU

İdmançıların hazırlıq prosesi ilə tanışlıq

    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və müavini Məcid Seyidov Şərur Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman zallarının fəaliyyəti ilə yaxından tanış olublar. Boks, güləş, kikboks, tir atıcılığı və ağır atletika zallarına baxış keçirilib, problem və çatışmazlıqların həlli, həmçinin yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, məşq prosesləri izlənilib.
    Məşqçi-müəllim və idmançılarla görüşən nazir onların qayğıları ilə maraqlanıb. Ramil Hacı görüşlər zamanı ölkəmizdə, eləcə də muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən yüksək dövlət qayğısını xatırladaraq bildirib ki, bölgələrdə də bu sahənin inkişafı diqqətdə saxlanılır, idmançıların rayondan kənardakı yarışlarda iştirakının davamlı təmini, əhalinin, xüsusilə uşaq və yeniyetmələrin idmana cəlbi, mövcud maddi-texniki imkanların genişləndirilməsi və məşq bölmələrinin artırılması prosesi davam etdirilir. Məqsəd insanların bu sahəyə cəlbi ilə cəmiyyətdə sağlam həyat tərzinə nail olmaq, fiziki və əqli cəhətdən güclü, vətənpərvər, milli dəyərlərə bağlı gənclik modelini qorumaq və inkişaf etdirməkdir. 
    Qeyd edək ki, bu tipli görüşlər bundan sonra da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 18.02.2022 22:05