AZ EN RU

İdmançılarımız coşqu ilə qarşılandı

Ötən gün Bakıda keçirilən 17 yaşadək idmançılar arasında qrepplinq üzrə Avropa çempionatının qalibi Röya Abdullayeva, bürünc mükafatçısı Fidan Paşayeva və məşqçiləri – Naxçıvan Kikboksinq Federasiyasının (NKF) sədri Xəyal Abdullayev Naxçıvana geri dönüblər. Nailiyyəti birgə qeyd etmək məqsədilə idmançıların yaxınları, NKF məşqçiləri və idmançıları, o cümlədən Gənclər və İdman Nazirliyinin əməkdaşları Naxçıvan Beynəlxalq Hava Limanına toplaşaraq qarşılanma mərasimində iştirak ediblər. İştirakçılar idmançıları gül-çələnglə, musiqi sədaları altında salamlayaraq dəstəklərini nümayiş etdiriblər. 
Qeyd edək ki, Naxçıvan Kikboksinq Federasiyasının və “Turan Döyüş Klubu”nun idmançısı olan Röya Abdullayeva ölkəmizin bu yaş kateqoriyasındakı  təmsilçiləri arasında yeganə qızıl medal mükafatçısı olub. O, həmçinin, 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi də adını tarixə yazdırıb. Röya bunadək universal döyüş üzrə dünya çempionatının, kikboksinq, MMA və qrepplinq üzrə Azərbaycan çempionatlarının da qalibi olmağı bacarıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.05.2024 20:44