AZ EN RU

İdmançılarımız Bakıdan 27 medalla geri dönüb

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində MMA, pankration və qrepplinq üzrə Azərbaycan birinciliyi və çempionatı, həmçinin respublika turniri (8-9 və 10-11 yaşlılar) keçirilib. Bakı və bölgələri təmsil edən komandalar, eləcə də 60-dan çox klubdan, ümumilikdə, 900-dən çox idmançı öz qüvvəsini sınayıb. 
İki gün keçirilən yarışlarda muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri, idman ustası Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 24 idmançısı təmsil edib. Təmsilçilərimizdən 22-si mükafatçılar sırasına düşüb. 
Ən yaxşı nəticə Əbülfəz Cəfərova məxsus olub. 11 yaşlı idmançımız respublika turnirində 44 kiloqram çəki dərəcəsi üzrə həm pankration, həm də qrepplinq növündə qızıl medal əldə edərək ikiqat sevinc yaşayıb. Dünya çempionu Sadiq Kərimov (2008-ci il, 47 kiloqram) MMA növündə birinciliyi əldən verməyib. Mətin Tapdıqov, İbrahim Əliyev, Qalib Qaybalıyev, Asim Kərimli qrepplinqdə, Onur Əliyev, Tunar Abdullayev və Sinan Nəsirli isə pankrationda birinci olublar. Adıçəkilən idmançılar və klubun digər üzvləri komanda aktivinə müxtəlif əyarlı medallar qazandırmağı bacarıblar. Nəticədə, Naxçıvan idmançıları 10-u qızıl, 9-u gümüş, 8-i bürünc olmaqla, ümumilikdə, 27 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:35