AZ EN RU

İdman ictimaiyyəti ilə görüş keçirilib

Naxçıvan Şahmat Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikanın idman ictimaiyyəti ilə görüş keçirilib.  Məqsəd əlamətdar günü birgə qeyd etmək, görülən işlərə bir daha nəzər salmaq, eyni zamanda bu sahədə xidmətləri olan şəxslərin, idmançıların fəaliyyətini qiymətləndirməkdir.  
Tədbirdə gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov, federasiya nümayəndələri, məşqçi, hakim və idmançılar iştirak ediblər. Əlamətdar günə həsr olunmuş videoçarxın təqdimatı keçirilib, idmanın inkişafındakı xidmətlərinə görə bir qrup idman xadimi, eləcə də uğur qazanmış idmançılar fəxri fərmanla təltif olunublar.
Tədbirdə çıxış edən Məcid Seyidov Muxtar respublika idmanında əldə olunan uğurlardan və görülən işlərdən danışıb, gələcək planları diqqətə çatdırıb. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi idman ictimaiyyəti nümayəndələrini daim diqqətdə saxlayır, onların təklif və fikirləri dinlənilir, fəaliyyətin təkmilləşdirilməsinə dəstək göstərilir. Ötən il Naxçıvan idmançılarının ölkə və beynəlxalq arenalarda keçirilən yarışlarda, irimiqyaslı və nüfuzlu çempionatlarda 67-si qızıl, 67-si gümüş, 91-i isə bürünc olmaqla, ümumilikdə 225 medal qazandığını xatırladan nazir müavini, 2024-cü ilə təmsilçilərimizin nailiyyətlərlə start verdiyini və bu uğur tempinin daha da yüksələcəyinə əminliyini ifadə edib. Əlavə olunub ki, gənclərin asudə vaxtının səmərəli təşkili, əhalinin sağlam həyat tərzinə cəlbi, idman infrastruktrunun gücləndirilməsi və idmanın inkişafına hesablanmış bir sıra məsələlər gələcək planlar sırasındadır. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun işlər davam etdirilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq müxtəlif layihə və tədbirlərin icrasına başlanılıb. Məcid Seyidov çıxışının sonunda idman ictimaiyyəti nümayəndələrinə əlamətdar gün münasibətilə təbrik və arzularını çatdırıb.
Naxçıvan Voleybol Federasiyasının vitse-prezidenti Aydın Mirzəyev, atletimiz Əmrah Nağıyev idmançılara göstərilən dövlət qayğısından bəhs edib, təbrik və təəssüratlarını diqqətə çatdırıblar.
Sonda xatirə fotosu çəkilib.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.03.2024 12:22