AZ EN RU

"İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində nümunəvi ailələrlə görüş keçirilib, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. 
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bildirib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətinin hər iki dövründə milli dəyərlərimizin qorunub yaşadılmasına, ailə dəyərlərinə qayğı ilə yanaşıb, ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib.  Bu gün ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib, uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoyan Heydər Əliyev yolunu və ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha da gücləndirirlər. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnək, ən gözəl nümunədir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Bu bir həqiqətdir ki, qədim Naxçıvan diyarında ailələrin möhkəmliyi və ailə ənənələrinə sadiqlik hər zaman diqqət çəkib. Komitə sədri ailə dəyərlərinin qorunması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs edərək, bu kimi tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Ramilə Seyidova qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Muxtariyyətin ailələri – 100” mövzusunda “15 may-Beynəlxalq Ailə Günü” çərçivəsində keçirilən tədbirdə uzunömürlü və gənc ailələrin, şəhid, qazi və hərbçi ailələrinin, dövlət qulluqçusu, həkim və müəllim ailəsinin üzvləri, eyni zamanda Komitə tərəfindən elan edilən müsabiqənin qalibləri və ailə könüllüləri iştirak edirlər. Yubilyar ailələri, yəni evliliklərinin 50, 55 illiyi tamam olan və digər ailələri təbrik edib, onlara öz xoş arzularını çatdırıb. 
Evliliklərinin 50-ci ili tamam olan uzunömürlü ailənin üzvləri İsfəndiyar Əhmədov və Rəqiyyə Hüseynova, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid Sahil Məmmədovun həyat yoldaşı Turanə Məmmədova, hərbçi ailəsi Səkinə Cəbiyeva, evliliklərinin 51-ci ili tamam olan uzunömürlü ailənin üzvü Zeynəb Rzayeva, gənc müəllim Pərviz Quliyev və digər çıxış edənlər xalqımızın ailə dəyərlərindən və Azərbaycan ailəsində yetişən igid vətən övladlarının şücaətindən danışıblar. Həmçinin çıxış edənlər gənclərə öz ailə təcrübələrindən ətraflı danışıb, öz nəsihətlərini veriblər.
Çıxışların ardından tədbirdə iştirak edən bütün kateqoriyadan olan ailələrə hədiyyələr təqdim edilib. 
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkil etdiyi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, ümumilikdə müsabiqəyə 44 yazı, 60 rəsm və 24 dekorativ iş təqdim olunub. Müsabiqənin nominasiyaları üzrə 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülmüş 20 iştirakçıya diplom və hədiyyələr verilib. Komitənin foyesində müsabiqəyə təqdim olunan əl işlərinin sərgisi təşkil olunub.
Tədbirin sonunda Naxçıvan şəhər 7 nömrəli Körpələr Evi-uşaq bağçasının balaca fidanları ədəbi-bədii kompozisiya ilə çıxış edərək ailə dəyərlərini özündə əks etdirən şeirləri bədii qiraət ediblər.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 17.05.2024 22:53