AZ EN RU

İctimaiyyətlə Əlaqələr sektorunun əvəzedilməz vasitəsi olan press-reliz hazırlanması ilə bağlı təlim-seminar

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Xəbərlər departamentinin direktoru İlhamə Novruzova tərəfindən dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinə press-reliz hazırlanması ilə bağlı təlim-seminar keçilib.
    Təlim-seminarda KİV-lərlə səmərəli və uğurlu əməkdaşlığın qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin zəruriliyi, cəmiyyətdə medianın rolu və digər məsələlərdən bəhs olunub. Müasir dövrdə media ilə, əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, bu işə cavabdeh şəxslərin davranışları və digər mövzular haqqında geniş məlumat verilib. İctimaiyyətlə əlaqələri düzgün tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin əhəmiyyətindən bəhs edən İlhamə Novruzova ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. 
   Vurğulanıb ki, press-reliz məzmununa görə xəbər, məlumat, məhsul tanıtımı, müsahibə kimi bir çox fərqli üslubda hazırlana bilər. Bu mətnlərdə yer alan məlumatlar cəmiyyəti, sektoru, bəzən də müəyyən auditoriyanı maraqlandıracaq və yaxud narahat edəcək mövzulardan bəhs edilməlidir. İctimaiyyətlə əlaqələr sektorunun əvəzedilməz vasitəsi olan press-reliz qəzet, jurnal, internet mediası, televiziya kanalları və bu sahədə çalışan mətbuat nümayəndələrinə göndərilir. Ümumi mənada isə press-reliz hansısa qurumun və ya şəxsin mediaya verdiyi rəsmi bəyanatdır. Son illərdə video press-relizin də mətbuatda populyarlıq qazandığını deyən İlhamə Novruzova press-reliz nədir, necə yazılır, 5N-1K qaydası nədir, press-relizdə nələr var, hansı mövzuları əhatə edir, onu təqdim etmək kimə lazımdır, bu xidmət brendiniz üçün niyə vacibdir və digər suallar ətrafında danışaraq şablonçuluqdan, təkrarçılıqdan və sözçülükdən çıxmağın zəruri olduğunu qeyd edib.
    İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlər səsləndirib. Təlim-seminar bu gün də davam edəcək.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 26.10.2023 17:37