AZ EN RU

İcraçı direktor: Danışıqçılar səviyyəsində COP29 üzrə görüş Şamaxıda keçiriləcək

Danışıqçılar səviyyəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə görüş Çində nazirlərin görüşündən dərhal sonra Şamaxıda keçiriləcək.

Bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forum çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda olan təqdimatında deyib.

“Çində nazirlər səviyyəsində görüş çox vacibdir. Bunun ardınca Şamaxıda danışıqçılar səviyyəsində görüş keçiriləcək. Sentyabrda görüş, daha sonra hazırlıq komitəsinin iclası planlaşdırılır. COP29 çərçivəsində danışıqlar uğurla davam edir və biz bu sürətlənmiş tempi qoruyub saxlamağa ümid edirik”, - o bildirib.

E.Soltanovun sözlərinə görə, COP29-un gündəmindəki əsas məsələlər iqlimin maliyyələşdirilməsi, Paris sazişinin 6-cı Maddəsi, İtki və Zərər fondu, keçid proqramları, qlobal uyğunlaşma və yeni iqlim maliyyəsi modeli olacaq:

“Bu gün əlimizdə olanlar kifayət deyil. Vəsait kifayət deyil, kollektiv səy tələb olunur. Biz istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmalıyıq. Hazırda biz gündəlik 97 milyon barel neft istehlak edirik, 2050-ci ilə qədər bu göstəricini 25-30 milyon barelə endirmək lazımdır. Qaz istehlakı 2050-ci ilə qədər indiki 4 trilyon kubmetrdən 1 trilyon kubmetrə endirilməlidir. Kömür istehlakı – 8 milyard tondan 1 milyard tona qədər azalmalıdır”.

Nəşr edilib : 22.07.2024 15:39