AZ EN RU

İcra sənədi üzrə borclularla profilaktik söhbətlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları  tərəfindən Kəngərli rayonunun Qabıllı kənd mərkəzində həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbətlər aparılıb.
    Söhbət zamanı borclu şəxslərə bu sahədə qüvvədə olan qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu gün  məhkəmə qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması nazirlik tərəfindən diqqətdə saxlanılır. Hazırda qanunvericiliyin tələblərinə görə məhkəmə qərarlarını vaxtında icra etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur. Ona görə də bütün hallarda məhkəmə qərarlarında göstərilən pul vəsaitlərinin ödənilməsi vaxtında təmin edilməli və  bu istiqamətdə icra məmurlarının tələbləri yerinə yetirilməlidir.
    Sonra aliment və pul tələbi ilə bağlı ödənişlərini vaxtında ödəməyən borclular  dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2022 19:42