AZ EN RU

İcma: Dünya ictimaiyyətini konstruktiv xətt tutması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin və parlament rəhbərliyinin Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn çıxışları ilə bağlı bəyanat verib.
İcma qeyd edib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları rədd etmiş və “etnik təmizləmə”, “soyqırımı” kimi qəbulolunmaz ifadələrlə Azərbaycanı ittiham etməyə cəhd etmişdir:
"Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır. Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən məcraya sürükləməsini pisləyir və dünya ictimaiyyətini Ermənistanın konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə çağırır".

Nəşr edilib : 08.06.2024 10:34