AZ EN RU

İçimizdəki Allah...

Hər dəfə vicdanım qəlbimdə hökm oxuyanda Mirzə Cəlilin bu sözləri yadıma düşür: “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Həmin səs pak və təmiz vicdanımın səsidir...” Bəli, vicdan bütün hisslərin ən ümdəsi, qəlbimizdəki mizan tərəzisidir. O, Allahın ilham mənbəyi, bəlkə də, elə Allahın özüdür?.. 
İnsan kamilləşdikcə, dünyanın çirkablarından arındıqca içindəki Allahı kəşf edir. O Allah ki insanda özünü vicdan kimi inikas edir. Elə bu səbəbdəndir, müqəddəs Quranda belə deyilir: “Allah bizə şah damarımızdan daha yaxındır”. Bu fikri Viktor Hüqo bu sözlərilə şərh edib: “Vicdan, insanın içindəki Tanrıdır”.  Sizcə də elə deyilmi?.. Mənə görə, “vicdan” məfhumu, əslində, daha çox ədalət anlayışı ilə bağlıdır. Ədalət isə biz insanlar üçün olduqca nisbi bir qavrayışdır...
Təmiz vicdan paklıqdır deyirlər... Bəs biz necə? Paklıq mərtəbəsinə çata bilirikmi?! Bütün bioloji varlıqlar yaşamaq uğrunda mübarizə aparır. Lakin bu gün yaşadığımız rahat həyat şəraiti mübarizəsiz yaşamaq rahatlığı gətirib sanki həyatımıza. Bu rahatlıq insanların həyatına hakim kəsilmək şövqü yaradıb çoxumuzda... Axı bikar qalmışıq... Təəssüf ki, bu bəsit həqiqətdir. Gərəksiz münaqişələri, mübahisələri, müdaxilələri, sözləri, söhbətləri necə də çox sevirik... Daim insanların təbiətində pislik, həyatında əyrilik axtarırıq. Təkcə özümüzü görmürük... Özümüz haqqında səmimi və təmənnasız düşünə bilmirik, nədənsə. Özümüzə kənardan baxmaq və kənardan baxanın obrazını yaratmaq bizi təhrif edir, bəlkə də. Öz haqqımızdakı bütün həqiqətləri içimizdə elə basdırırıq, elə pərdələyirik ki, sonralar onu nəinki başqaları, heç biz də tapmırıq, görmürük, unuduruq və başlayırıq öz prizmamızda mükəmməlliyyətçi bir obraz yaratmağa... Amma axı o biz deyilik... Beləliklə, müasir dünyanın dünyəviləşmək kimi xərçəngdən daha qorxulu xəstəliyinə tutuluruq. Xəstə ağıla, xiffətli qəlbə, əsli pozulmuş fitrətə çevrilirik... Zamanla içimizdəki vicdanımızın səsini susdurur, “Allahsızlaşırıq”. Elə bütün dəhşətli hadisələr vicdan dediyimiz nəsnənin susmağı ilə başlayır. Əslində, vicdan susmur. O hər zaman bizi ən doğru yola səsləyir. Sadəcə, aqil insanlar vicdanının, cahil olanlar isə içindəki şeytanın səsinə qulaq verir. Tarixboyu ən böyük qətliamlar, soyqırımlar, qırğınlar vicdanı susmuş insanlar tərəfindən törədilib. Tarix belələrinin törətdiyi minlərlə müharibələrə şahidlik edib. Amma zaman onu da göstərib ki, vicdansızlıq, haqsızlıq, saxtakarlıq və ədalətsizlik üzərində qurulan bütün nəhəng imperiyalar, dövlətlər tezliklə süquta qərq olub. Elə öz xəbis fitrətilə özünü məhv edən insanlar kimi...
...Deyirlər, vicdanın yaddaşındakı günah unudulmur. Onun da yaddaşı var axı... Əlbəttə, vicdanlarını çeşidli arınma üsulları ilə günahlardan təmizləyənlər də az deyil bu dünyada. Amma, təəssüf ki, bu vasitələr ləkəsiz vicdan yarada bilmir. Hər kəsə həyatda pak, təmiz və azad vicdan işığında yaşamaq və yaratmaq arzusu ilə...
 

Nəşr edilib : 03.02.2024 09:00