AZ EN RU

ICESCO-nun Baş direktoru: Prezident İlham Əliyevin yeni mandatı ilə Azərbaycanın daha da böyük nailiyyətlərə imza atacağına əminik

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Salim bin Məhəmməd əl-Malik təbrik məktubunda bildirib: “Sizin son seçkilərdəki inamlı qələbəniz Azərbaycan xalqının liderliyinizə olan inamının və etimadının sübutudur. Bu, həm də ölkənizin inkişafı və rifahı naminə fədakarlığınızın, baxışlarınızın və sarsılmaz sadiqliyinizin təzahürüdür.

Biz ICESCO olaraq müdrik rəhbərliyiniz altında Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə, İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin inkişafına ümid bəsləyirik”.

Prezident İlham Əliyevin davamlı dəstəyinin regionda mədəniyyət mübadiləsi, elmi araşdırmalar və təhsil sahələrini inkişaf etdirmək təşəbbüslərinə müsbət təsirinin olduğunu qeyd edən Baş direktor dövlətimizin başçısının yeni mandatı ilə Azərbaycanın gələcək illərdə daha da böyük nailiyyətlərə imza atacağına əminliyini vurğulayıb.

“Sizin bütün İslam dünyasında əks-səda doğuran, gənclərin inkişafını dəstəkləyən, həmçinin sülh və tərəqqinin daha da irəliləməsinə xidmət edən müstəsna liderliyinizə şəxsi heyranlığımı bildirirəm.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Qoy, Sizin növbəti prezidentlik dövrünüz Azərbaycan Respublikası üçün daha yüksək firavanlıq və uğur gətirsin!”, - deyə Baş direktor diqqətə çatdırıb.

Nəşr edilib : 12.02.2024 16:37