AZ EN RU

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Naxçıvanda sığorta çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında tibb müəssisələri, orada icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış olub.

Dövlət Agentliyindən bildirilib ki, Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, onların müavinləri Nigar Bayramova və Anar İsrafilov, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Daha sonra rəsmilər Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq görüşündə bildirilib ki, tibb fakültəsi üçün ayrıca bina, xəstəxana, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur. Qonaqlar NDU-nun tibb fakültəsində fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patologiya və stomatoloji texniki laboratoriyalar ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanası və Doğum Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və kənd həkim ambulatoriyalarının fəaliyyətləri ilə tanış olublar. Tibb müəssisələrində icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlər və s. barədə qonaqlara məlumat verilib.

Nəşr edilib : 01.03.2023 11:41