AZ EN RU

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirib

Mart ayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə  Heydər Əliyev adına tam orta məktəb və Naxçıvan Qızlar Liseyində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 
 Bildirilib ki, sosial sahədə atılan mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiqi ölkədə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına, səhiyyə sisteminin dayanıqlı inkişafına, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi rifah halının yaxşılaşmasına xidmət edir.  
Qeyd edilmişdir ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq və tibb sahəsində maddi texniki baza və İKT infrastrukturunu müasir tələblərə uyğunlaşdırmaq icbari tibbi sığortanın qarşısına qoyduğu məqsədlərdir. Ölkədə olduğu kimi bu gün muxtar respublikada da icbari tibbi sığorta mexanizmləri formalaşdırılır, tibb sahəsi üzrə kadr potensialı artırılır, tibb müəssisələrinin maddi texniki bazası möhkəmləndirilir. Əlçatanlığı artırmaq üçün atılan əsas addımlardan biri  muxtar respublikada təminat verilən tibbi xidmətlərin sayının artırılması oldu. Ötən il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Xidmətlər Zərfi”ndə olan tibbi xidmətlərin sayı 2550-dən 3315-ə qədər artırılmışdır. Bu gün maddi vəziyyətindən asılı olmayaraq,  hər bir vətəndaşımız səhhətində yaranmış narahatlıqla bağlı dövlət tibb müəssisələrində icbari tibbi sığortanın “Xidmətlər Zərfi”ndə göstərilən bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edir, tibbi yardım alır, dövlətimizin qayğısını hiss edir. 
Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı təqdimat üzərində çıxış edərək bildirib ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığorta olunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Tədbirdə tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, Agentliyin fəaliyyətinin məqsədləri, tibbi sığorta haqları, “Xidmətlər Zərfi”ndə dərman təminatı, arayışlar, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları və gözləmə müddətinin tətbiqi şərtləri haqqında ətraflı məlumat verilmişdir.
Tədbir diskussiya ətrafında davam etdirilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Qeyd edək ki, növbəti aylarda bu tədbirin digər təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulmuşdur.


                                       Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi               
 Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 29.03.2024 19:09