AZ EN RU

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirib

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 8, 9, 10, 11, 13 və 14 nömrəli tam orta məktəblərdə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 

Keçirilən tədbirlərdə dövlət qayğısından, həyata keçirilən islahatlardan, ayrı-ayrı proqramların nəticəsi olaraq respublikamızın səhiyyə sistemində son dövrlərdə baş vermiş mühüm dəyişikliklərdən, yaradılmış müasir tibb mərkəzlərindən, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasından danışılmışdır. Bildirilmişdir ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır.

Qeyd olunmuşdur ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Dövlətimizin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti, səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin etməkdən ibarətdir. Agentlik səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edir. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərir.

Daha sonra Agentliyin əməkdaşları təqdimat üzərində çıxış edərək sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları  və s. barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 03.06.2024 17:34