AZ EN RU

İcbari tibbi sığorta səhiyyə sisteminin ən effektiv və uğurlu modelidir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il  3 may tarixli müvafiq Fərmanı ilə muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılmış və digər sahələrə olduğu kimi, tibbi sığorta sahəsinə göstərilən yüksək diqqət və qayğı sayəsində muxtar respublikanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilir. Əldə olunmuş uğurlu nəticələr bunu deməyə əsas verir ki, icbari tibbi sığorta səhiyyə sisteminin ən effektiv və uğurlu modelidir.

    İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığortaolunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. 
    İcbari tibbi sığorta haqlarının sığortaolunanların gəlirlərindən tutulmasına 1 yanvar 2021-ci il tarixdən başlanılmışdır. Sığortaolunan dedikdə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur. Tibbi sığorta haqlarının yığılması qanunla müəyyən olunmuş məbləğlərdə və dərəcələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir, belə ki, Tibbi sığorta haqqında Qanunun 15-10.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər – fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər sığortalı qismində özləri çıxış etdiyindən minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığortahaqqı ödəyirlər. Qeyd etməliyik ki, 2022-ci il üzrə minimum aylıq əməkhaqqının miqdarı 300 manat müəyyən olunduğundan cari ildən fiziki şəxslərin ödəyəcəyi icbari tibbi sığortahaqqının məbləği 12 manat  (300 x 4%=12) təşkil edir.
    Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə, onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutulmaqla aylıq gəlirinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığortahaqqı hesablanaraq ödənilməlidir.
    Nümunə olaraq “A” müəssisəsi vergi uçotunda olmayan fiziki şəxslə mülki hüquqi müqavilə bağlayaraq onu təmir işinə cəlb etmiş və bu işin müqabilində ona 1000 manat ödəniş etmişdir. Bu halda müəssisə tərəfindən həmin fiziki şəxsə edilən 1000 manat ödənişdən ödəmə mənbəyindən  2 faiz dərəcə ilə 20 manat məbləğində (1000*2%=20) icbari tibbi sığortahaqqı hesablanaraq tutulmalıdır.
    1 yanvar 2022-ci il tarixdən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda (sahibkarlıq fəaliyyəti sahəsində) fəaliyyət göstərən işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığortahaqqı ödəyirlər.
    Nümunə olaraq “A” özəl müəssisəsində işləyən sığortaolunanın aylıq əməkhaqqı 700 manat olmuşdur. Bu halda işəgötürən tərəfindən işçinin əməkhaqqından 2 faiz, yəni 14 manat (700*2 faiz), işəgötürənin öz vəsaiti hesabına  2 faiz, yəni 14 manat (700*2 faiz), ümumilikdə isə 4 faiz olmaqla, 28 manat icbari tibbi sığortahaqqı hesablanaraq ödənilir.
    Tibbi sığorta haqqında Qanuna əsasən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan Azərbaycan Respublikasının vətəndaşları icbari tibbi sığortahaqqı ödəməkdən azaddır və istifadə etdikləri tibbi xidmətlərin tarifi dövlət vəsaiti hesabına ödənilir. Əlavə olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergiödəyicisinin sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları müvəqqəti dayandırıldığı halda vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığortahaqqı ödəməkdən azaddır.
    Son olaraq qeyd etməliyik ki, ötən dövr ərzində muxtar respublikada icbari tibbi sığortanın tətbiqi hərtərəfli təşkil olunmuş, vətəndaşların sağlamlığının qorunması və  tibbi xidmətlərə əlçatanlığının təmin olunması daim diqqət mərkəzində saxlanılmışdır. 

 Naxçıvan Muxtar Respublikasının
 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Nəşr edilib : 23.02.2022 18:39