AZ EN RU

İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poeması haqqında düşüncələr

Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında qələmə alınmış nəzm, nəzr və dram əsərləri janr müxtəlifliyi və mövzu rəngarəngliyi ilə fərqlənir. Həmin əsərlərdə Ümummilli Liderin siyasi xadim, lider, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi obrazı canlı şəkildə tərənnüm və təsvir edilmişdir.

Şair-publisist İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poeması 2023-cü ildə keçiriləcək görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub. Poemada müəllif öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartmağı bacarmış Ulu Öndərin tarixi şəxsiyyət olmasını bədii dillə təsvir və tərənnüm edib.

Poemada hadisələr təhkiyə üsulu ilə təsvir olunur və həmin hadisələrin gedişində lirik lövhələrə geniş yer verilir. Həmçinin poemadakı hadisələrin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Yeni nəşrdə görkəmli dövlət xadiminin həyəcanları, onunla bağlı təqdim edilən hadisələrin təsviri və onların doğurduğu hiss və duyğular yer alıb.

Poemanın epiqrafla başlanması diqqətdən yayınmır. Ümummilli Liderimizə aid olan epiqraf poemanın süjet xəttinə daxil olmasa da, poemanın mövzusu ilə səsləşən hikmətli sözlər kimi diqqəti cəlb edir. Ulu Öndərin söylədiyi “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm…

Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir” kimi fikirlər əsərin birinci səhifəsində özünə yer alıb.

Yeri gəlmişkən, poemada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də fikirlərinin epiqraf kimi təqdimi əsərin bədii təsir gücünü xeyli artırıb. Aşağıdakı epiqrafda Azərbaycan Ordusunun Qələbə qazanması, Azərbaycan torpaqlarının azad edilməsi poetik dillə təqdim olunub: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim! Bu böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

Müəllif görkəmli dövlət xadiminin siyasi fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı, onun bir siyasi xadim kimi atdığı əməllərinə də işıq salır:

Atəşkəs dövründə Ulu Öndərin,

Ordu qurmaq oldu, müqəddəs anı.

Müstəqil, müdrik siyasətiylə,

Yenidən qururdu Azərbaycanı.

Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi özünüdərketmənin Ulu Öndər siyasətinin, milli dövlətçilik təliminin ana xəttini təşkil etməsi və əsas prinsiplərindən olması poemada öz uğurlu həllini tapıb.

Poemada sələflik, xələflik, varislik məsələlərinə də toxunulub. Şair tərəfindən görkəmli dövlət xadiminin oğlu və siyasi varisi cənab İlham Əliyev tərəfindən böyük ehtiramla davam etdirilməsi vurğulanır:

Ata vəsiyyətin oğul prezident,

Doğrultdu müqəddəs əməllərində.

Yenilməz bir ordu qurub-yaratdı,

Dünyanın qarışıq, sərt illərində.

Ədəbiyyata qayğı və böyük xidmətlər göstərmiş Ulu Öndərin bu sahədəki xidmətləri saymaqla bitmir: Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi söz xiridarlarının Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi, “Kitabi-Dədə Qorqud” dastanının yaranmasının 1300, Xaqani Şirvaninin 850, Nizami Gəncəvinin 840, İmaməddin Nəsiminin 600, Məhəmməd Füzulinin 500, Cəlil Məmmədquluzadənin 125, Mirzə Ələkbər Sabirin 120, Nəriman Nərimanovun 100, Məhəmməd Hadinin 100, Əliqulu Qəmküsarın 100, Hüseyn Cavidin 90, Cəfər Cabbarlının 80, Aşıq Şəmşirin 80 və 110, Rəsul Rzanın 60 və 70, İlyas Əfəndiyevin 80, Məmməd Arazın 60, Məhəmməd Hüseyn Şəhriyarın 90, Maqsud İbrahimbəyovun 60, İsmayıl Şıxlının 75, Nigar Rəfibəylinin 60, Nəbi Xəzrinin 50, Mirvari Dilbazinin 70 illik yubileylərinin qeyd edilməsi, Cəfər Cabbarlının, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Səməd Vurğunun ev muzeylərinin açılması, Hüseyn Cavid, Vaqif məqbərələrinin açılışı, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, Şüvəlanda Yaradıcılıq evinin istifadəyə verilməsi, Hüseyn Cavidin nəşinin Vətənə qaytarılması, ilk dəfə təsis olunmuş “İstiqlal” ordeni ilə Məmməd Arazın, Xəlil Rza Ulutürkün (ölümündən sonra), Bəxtiyar Vahabzadənin təltif edilməsi və sair poemada dahi rəhbərin ziyalılara qayğısı müəllifin nəzərindən yayınmayaraq onlara verdiyi dəyər yüksək qiymətləndirilib:

Çox yazarlar ad aldılar,

Çox dahilər ucaldılar,

Zəhmətindən güc aldılar,

Vardı ümman hörmətimiz,

Heydər baba rəhbərimiz.

Görkəmli dövlət xadiminin Azərbaycan ədəbiyyatında bədii obraz kimi şair və yazıçılar tərəfindən əks etdirilməsi onun hakimiyyətə gəldiyi dövrdən başlayır. Akademik İsa Həbibbəyli həm sovet, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazının işlənilməsi məqamlarına toxunmuş, “Sovet hakimiyyəti illərində Azərbaycan yazıçıları Heydər Əliyevin simasında mənsub olduğu xalqın milli iftixar mənbəyi olan, ölkəni tanıdan və inkişaf etdirən görkəmli dövlət xadiminin obrazını” canlandırmalarını, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında isə Heydər Əliyevin xilaskar obrazı yaradılmış, böyük ədəbiyyat onun milli dövlətçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki rolunu bədii sözün bütün vüsəti ilə təsvir və tərənnüm etməyə səfərbər” olmalarını qeyd etmişdir.

İbrahim Yusifoğlu “O, Günəş ömrüdü, sönməyəcəkdir” poemasında obrazın zahiri görünüşünü təsvir etməklə bərabər, obrazın keçirdiyi nigarançılıq, təəssüf, sevinc, kədər və sair hissləri də qələmə alaraq obrazın daxili portretini oxucunun gözündə canlandırır:

Qəlbində nisgilli dərd çağlayırdı,

Vətənin talanan sərvət-varına.

Ömrünün müqəddəs işi sayırdı,

Qaytarsın xalqını torpaqlarına

Poemada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin epizodik şəkildə olsa da, dolğun obrazının təqdimi ilə üzləşirik. Ölkə başçısının monoloqu kimi təqdim edilən nitqindəki təntənədə biz İlham Əliyevin obrazını Ulu Öndərin siyasi kursunun davamçısı olmasında, Vətən müharibəsindəki Zəfər təntənəsində görə bilirik:

Baş əydi, dik baxdı, salamlaşdı da,

O, ulu öndərin abidəsinə.

Zəfər sevincini çatdırdı ona,

Qələbə ovqatlı məğrur səsiylə:

 

- Salam, gözün aydın, ruhun şad ata,

Sənin vəsiyyətin yerinə yetdi.

Döndü oğulların dəmir yumruğa,

Qarabağ torpağı azad edildi.

İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poemasının bədii dili ilk növbədə dolğunluğu ilə diqqəti cəlb edir. Poemada dialektizmə, arxaizmə və sair müraciət edilmə poemanın dilinin zənginləşməsinə səbəb olub.

Poemada müəllifin xitablara müraciət etməsi də diqqəti cəlb edir. Məsələn, şairin Ümummilli Liderə “Baba” deyə müraciət edilməsi məqamına nəzər salaq:

O qədər qəm-qüssə var canımızda,

Neçə çiçək vaxtsız solmuşdu, Baba.

Ağır anımızda, dar çağımızda,

Hamı siyasətçi olmuşdu, Baba.

 “O, günəş ömrüdü, sönməyəcəkdir” poeması Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi rəhbərlik etdiyi dövlətin azadlığı və dirçəlişi yolunda apardığı mübarizəni bədii dillə tərənnüm edir, dahi rəhbərin keçdiyi şərəfli, həmçinin keşməkeşli həyat yolunun heç də asan və hamar olmadığını açıqlayır.

Salidə ŞƏRİFOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

filologiya elmləri doktoru, AMEA-nın professoru,

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

Nəşr edilib : 05.05.2023 15:49