AZ EN RU

I Uşaq İncəsənət Festivalında muxtar respublikadan 489 nəfər iştirak edəcək

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə I Uşaq İncəsənət Festivalı keçirilir. Festivalın  ilk mərhələsinə aprelin 17-dən start verilib.

Festivalda iştirak fərdi və kollektiv formada həyata keçirilir. Muxtar respublika üzrə, ümumilikdə, 489 nəfər festivalda iştirak üçün qeydiyyatdan keçib. Onlardan 292 nəfərdi, 197 nəfər isə kollektiv iştirakçıdır. Ümumilikdə 21 nominasiya üzrə keçirilən festivalda muxtar respublikadan olan iştirakçılar 19 nominasiya üzrə təmsil olunacaq. Festivalın ilk mərhələsində Naxçıvan şəhərindən 115 nəfər fərdi və 14 kollektiv, Babək rayonundan 25 nəfər fərdi, Culfa rayonundan 21 nəfər fərdi, Kəngərli rayonundan 19 nəfər fərdi və  3 kollektiv, Ordubad rayonundan 26 nəfər fərdi və 2 kollektiv, Sədərək rayonundan 18 nəfər fərdi və 1 kollektiv, Şahbuz rayonundan 42 nəfər fərdi və 1 kollektiv, Şərur rayonundan  26 nəfər fərdi və 1 kollektiv iştirak edəcək.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılmasının təşviq edilməsidir.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar  və həvəskar olmaqla üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

Festival Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də (piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, klassik nəfəs alətləri ifaçılığı, Azərbaycan xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, xanəndəlik sənəti, aşıq sənəti, xor, caz ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı, aktyorluq, bədii qiraət, hekayəçilik (stand-up), dekorativ-tətbiqi sənət, rəssamlıq, heykəltaraşlıq) daxil olmaqla, ümumilikdə 21 nominasiya üzrə keçirilir.

Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür.

Festivalın I mərhələsi 2023-cü ilin aprel-iyun ayında keçirilir. I mərhələdə qalib olmuş iştirakçılar festivalın II mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın II mərhələsi 2023-cü ilin iyun-avqust ayında keçiriləcək. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın final mərhələsi cari ilin sentyabr ayında Bakı şəhərində keçiriləcək. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcəkdir.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.04.2023 12:39