AZ EN RU

I Naxçıvan Kitab Sərgisinin iştirakçıları təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşürlər

Rəşad Məcid: Naxçıvanda kitab oxumaq ənənəsi böyükdür və bunu davam etdirmək lazımdır

Ölkəmizin hər yerində olduğu kimi muxtar respublikamızda da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Zəngin ənənələrə malik Naxçıvan diyarı bu dəfə yeni bir mədəni tədbirə ev sahibliyi etdi. Belə ki, bir çox dahilərin göz açdığı bu ulu diyarda Ümumilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, ”Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilir.

Məlumdur ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunaraq bir miras kimi gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşır, mütaliəni isə mənəvi zənginlik adlandırırdı. Ulu Öndər kitablarla dost olmağı elmlərə yiyələnməyin açarı hesab edirdi. Elə bu mədəni irsin davamı olaraq ölkəmizdə mütəmadi olaraq kitab sərgiləri təşkil olunur, gənc nəslin elmi biliklərə, kamilliyə doğru irəliləməsində ziyalılar və kitabsevərlərlə silsilə görüşlər keçirilir. Bu görüşlərdən biri də mayın 13-də ilk dəfə təşkil olunan I Naxçıvan Kitab Səgisi idi.

Xəbər verdiyimiz kimi 25 nəşriyyatdan minlərlə kitabın sərgiləndiyi bu tədbir "Naxçıvan" Universitetində təşkil olunmuşdur. Sərgidə həm Bakı şəhərindən gələn ziyalı qonaqlar, həm də muxtar respublikamızdan xeyli sayda kitabsevərlər iştirak edirdi. Elə biz də sərgi təşkil olunan əraziyə üz tutub, onlardan bir neçəsi ilə həmsöhbət olduq.

İlk olaraq Azərbaycan Nəşriyyatlar Asossasiyası İctimai Birliyinin sədri Şəmil Sadıq ilə söhbət etmək, sərgi haqda fikirlərini almaq istədik. Şəmil müəllim qeyd etdi ki, ANAİB, “Naxçıvan” Universiteti, “Hədəf” şirkətlər qrupunun təşkilatçılığı ilə iki gün ərzində Naxçıvanda möhtəşəm kitab sərgisi keçirildi. Bu elin, bu torpağın yetirməsi olduğu üçün özünə mənəvi borc bilən Şəmil Sadiq, uzun illərdir ki arzusunda olduqları bu sərgini Naxçıvanda keçirmək, yazıçılarımızla oxucuların görüşünü təşkil etmək, kitabların daha əlçatan olmasını təşkil etmək istədiyini bildirdi: - İki günlük səfərimiz zamanı, təqribən yüz nəfərlik heyətlə iştirak edirik. Bu səfərimiz zamanı gedişat tam olaraq ürəyimizcədir. Təqribən 25 nəşriyyatın, 10 mindən çox kitabın, iki gün müddətində keçirilən yazıçı oxucu görüşlərinin, təqdimat mərasimlərinin, qiraət və nağıl saatlarının keçirilməsi, həmçinin elmi seminarların olması bu işin daha konseptual və möhtəşəm olmasını göstərir. Adətən keçirilən sərgilər yarmarka xarakterli olur. Amma biz bunu Naxçıvanda sərgi, festival şəklində keçirib gözəl bir hadisəni yaşamış olduq. Bu həm də Naxçıvan tarixində bir ilkdir. Bu qədər nəşriyyatın kitablarının bir arada sərgilənməsi çox önəmlidir. Qonaqların da Naxçıvanın tarixi abidələrimizi ziyarət etmələri, Naxçıvan rəhbərliyinin xoş münasibət göstərməsi hər birimizi ürəkdən sevindirir. Həmçinin Naxçıvan Dram Teatrında “Cibimdəki dəlilik” adlı tamaşaya da dəvət olunduq. Bu tamaşa Bakıdan dəvət olunmuş qonaqlar, eləcə də universitetin könüllü tələbələri üçün nəzərdə tutulmuşdu. Bütün bunlara görə bir daha öz minətdarlığımızı bildiririk.

Növbəti həmsöhbətimiz Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı oldu. O, belə bir əhəmiyyətli tədbirin mahiyyətinin mühümlüyünü dilə gətirərək bunun Naxçıvanda təşkil olunmasından şad olduğunu bildirdi. Elçin müəllim üçün xoş məqamlardan biri də oxucuların ailə üzvləri ilə birgə sərgiyə gəlib kitablarla yaxından tanış olmaları idi. Bildirdi ki, kitabsevərlərlə yaxından təmasda olmaq, burada sərgilənən kitablar haqqında məlumatlar əldə etmək özü bir mədəni istirahətdir. Elçin müəllimin arzusu bu oldu ki, Naxçıvanda bu cür kitab sərgilərinin təşkili davamlı olsun.

Kitab sərgisində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edirdi. Naxçıvana vaxt tapdıqca gəlməyi unutmayan Rəşad müəllim sərginin burada keçirilməsinin həm də bu qədim diyara ilk dəfə səfər edənlər üçün fürsət olduğunu dedi. Eyni zamanda bu mühüm sərginin təşkilində “Naxçıvan” Universiteti tərəfindən gözəl bir ənənənin əsasının qoyulduğunu bildirdi: Naxçıvan torpağı hər dövrdə Azərbaycana önəmli şəxsiyyətlər, mütəfəkkirlər bəxş edib. O cümlədən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev kimi də həm Azərbaycana, həm də türk dünyasına dahi bəxş edib. Bu mənada Naxçıvanda kitab oxumaq ənənəsi böyükdür və bunu davam etdirmək lazımdır. Gənclər arasında mütaliəyə, kitaba marağın oyadılmasında bu cür tədbirlərin təşkili lazımlı və vacib addımlardandır. Və düşünürəm ki, nəşriyyatların da marağı və əsas hədəfi elə budur. Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüzdə də, bu haqda söhbətlər edib, Naxçıvanın gələcək inkişafı barədə kitaba marağın vacibliyi, kitaba qarşı ehtiram və hörmətin rəsmi səviyyədə də genişləndirilməsi barədə danışdıq. Elə bilirəm ki gələcək illərdə bu bayram daha çox insanı əharə edəcək və daha çox insanlar bu cür tədbirlərə qatılacaqlar. Ümumiikdə isə bu, Naxçıvan üçün xoş bir hadisədir, arzu edirəm ki unudulmaz bir tədbir kimi həmişə hafizələrdə qalsın. Gün o gün olsun ki, ANAİB-in X Naxçıvan kitab sərgisinə qatılaq.

“Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov isə Naxçıvana ikinci dəfədir gəldiyini, bu qədim diyarın tarixi və turizm üçün əhəmiyyətli olan gəzməli-görməli yerlərinin onda xoş ovqat yaratdığını bildirdi. Naxçıvanda keçirilən kitab sərgisi haqqında isə müsahibim bunu çoxdan arzuladığını bildirdi. Qeyd etdi ki, naxçıvanlıların qonaqlara və sərgiyə münasibəti bizi çox sevindirdi. Sərginin təşkilini kitabsevərlər üçün böyük töhfə olduğunu bildirdi.

Sərgidə yazıçı, şair Zahid Xəlil ilə söhbətimiz oxucuları ilə görüşü və imza saatında oldu. “Naxçıvan” Universitetində təşkil olunmuş bu cür gözəl kitab sərgisinin keçirilməsindən böyük fərəh hissi duyduğunu bildirdi. Və onunla görüşməyə gələn naxçıvanlı oxucularının da görüşdən məmnunluqla ayrılmaları onu daha çox sevindiridi. Kitab sərgisinin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edən Zahid müəllim, bu ənənənin davamlı olmasını arzuladı.

Vaxtilə ən az oxucusunun Naxçıvanda olmasını düşündüyünü, lakin bu sərgisində fikrində yanıldığını qeyd edən növbəti müsahibim isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı Varis Yolçuyev oldu. Varis müəllim, indiyə kimi dünyanın bir çox ölkəsinə səfər etsə də, ulular yetişdirən qədim diyarda ilk dəfə olduğunu, bunun üçün özünü xoşbəxt hiss etdiyini, bir yazıçı kimi Hüseyn Cavidin, Mirzə Cəlilin vətənində olmağın sevincini yaşadığını söylədi. Yazıçı Mömünə xatın kimi dünya əhəmiyyətli bir abidəni gəlib gözləri ilə görməyə vəsilə olmaları üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildiridi. Yazıçımız yaxın zamanlarda Azərbaycan-Türkiyə birgə istehsalı olacaq Atabəylərlə bağlı çoxseriyalı televiziya filmi istehsal ediləcəyini və həmin filmin ssenari qrupunun rəhbəri kimi Mömünə xatın türbəsini yaxından görməyin onun yaradıcılığına böyük bir stimul veriyini söylədi. Qeyd etdi ki, daha tez-tez gəlməlidir Naxçıvana. Həm ssenarisi üçün, həm də burada düşündüyündən də çox oxucusunun olduğu üçün. Kitab sərgisində gördüyü mənzərədən məmnunluq hissi keçirən, dəyərli yazıçımız satış şəbəkələri ilə əlaqə saxlamaq istəyini də dilə gətirdi. Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru vəzifəsinə təyin olunan Varis Yolçuyev, özünün həm də vəzifə borcu kimi bölgələrdə kitab təbliğatı işlərini aparmaq və bu sahədə təbii ki Naxçıvanla da bağlı planlarının olduğunu bildirdi.

“Naxçıvan” Universitetinin kampusunda kitab sərgisi ilə yanaşı, həm də müxtəlif görüşlər, imza saatları təşkil olunmuşdu. Gənc nəslin sevimlisi olan, şeir və bədii qiraəti insanlara daha da sevdirməyi bacaran Xəzər Süleymanlı da dəvət olunmuş qonaqlar arasında idi. Sərgiyə gələn kitabsevərlər üçün səsləndirdiyi bir-birindən gözəl şeirləri ilə, hər kəsin könlündə yer alamağı bacaran bədii qiraətçi Xəzər bəydən doğma Naxçıvanımız, eləcə də kitab sərgi haqqında təəssüratlarını öyrəndik. Təbii ki, hər kəs kimi onun da təəssüratlarının çox gözəl olduğunu vurğuladı. Şeirin, sənətin ocağı olan Naxçıvanda belə bir təntənəli sərgidə olmaqdan məmnunluq duyduğunu dilə gətirdi: - Şeirə, sənətə görə bu qədim diyara çox bağlıyıq. Bədii qiraətçi kimi mənim də fəaliyyətim bundan ibarətdir ki insanların şeirə, poeziyaya marağı az da olsa oyansın. Təbii ki, mənim də arzuladığım məqam var idi, o məqamın nümunəsidir bu sərginin təşkil olunmağı. Burda qonaq kimi dəvət olunmaq çox gözəldir. Təşkilatın da yüksək səviyyədə olduğunu bildirən Xəzər Süleymanlı təşkilatçılara təşəkkürünü bildirdirərək, belə görüşlərin tez-tez təşkil olunacağına umid etdiyinii bildirdi.

İllər sonra doğma məmləkəti Naxçıvana ayaq basan dəyərli şairimiz Rüstəm Behrudi ilə həmsöhbət olmaq fərqli bir təəssürat idi. Söhbətimizə alman imperatoru Bissmarkının ifadələri ilə başladı: “Təhsilə pul xərcləməyən bir dövlət, gələcəkdə həmin pulu böyük bir həbsxanaların tikilməyinə sərf edəcək.” Çünki insan nə qədər cahildirsə, o qədər də cinayətkar olmağa yönəlir. Və düşünürəm ki uzun illərdi Naxçıvanda bu cür kitab sərgiləri keçirilməyib. Bu təşəbbüs Naxçıvan ziyalılarının, naxçıvanlı oxucuların həyatında böyük bir hadisədir. Cahil insanların həm dövlət, həm də cəmiyyət üçün faydası ola bilməz. Az sayda adamın kitaba yönəlməsini belə görsək, bu bizim üçün çox sevindirici bir hadisədir. İllərdir doğma diyarda oxucuları ilə görüşün təşkil olunmamasından narazılığını ifadə edən Rüstəm Behrudi, illər sonra ata yurdu Naxçıvanda oxucuları ilə görüşünə şərait yaradıldığı üçün təşkilatçılara öz dərin təşəkkürünü bildirdi. Qonaqlar arasında daha bir müsahibimiz “Parlaq imzalar nəşriyyatı”nın direktoru Nurman Tariqdir. Nurman müəəlim dedi: - ANAİB fəaliyyətə başlayan bir gündən ilk hədəfləri bölgələrə kitab daşımaq olub. Çünki paytaxt Bakıda kitab sərgiləri və bu kimi tədbirlər mütəmadi olaraq olur. Lakin bölgələrədə kitab sərgiləri, kitablarla ünsiyyət biraz minimal səviyyədə olur. Hədəfimiz də elə əsasını bölgələrə üz tutub bu kimi problemi ortadan qaldırmaqdır. Naxçıvan beşinci bölgədir ki, kitablarla gedib sərginin təşkilinə müvəffəq oluruq. Gördüyümüz iş çətin və məsuliyyətli işdir, komanda işidir. Amma çox məmnunuq ki bu iş nəticə verir və nə yaxşı ki bu səfərimiz Naxçıvana oldu. İlk dəfə idi naxçıvanlı oxucularla görüşə gəlmişik və necə qarşılanacağımızı bilmirdik. Lakin bura gəldiyimiz gündən çox fərqli bir mənzərə ilə qarşılaşdıq. İstər Naxçıvanda olan tarixi abidələrlə tanışlığımız, insanların qonaqlarımıza olan xoş münasibəti, kitabsevərlərin bğyük marağı bizim burdan xoş bir təəssüratla ayrılacağımıza səbəb olur. Ümid edirəm ki, növbəti sərgilərimiz daha da yeni oxucu axınına səbəb olacaq. İlk dəfə Naxçıvanda təşkil olunmuş kitab sərgidə naxçıvanlı yazarlar da yer alırdı. Şair-yazıçı Elxan Məmmədovdan da təəssüratlarını bölüşməsini xahiş etdik. O vurğuladı ki, həqiqətən də Naxçıvanda bu cür sərginin keçirilməsi hər kəsin ürəyincədir. Çünki naxçıvanlı müəlliflər Azərbaycanın digər yazıçılarını da yaxından tanımaq imkanı əldə edirlər. Ölkənin tanınmış simaları, məhşur qələm sahibləri, jurnalistləri ümumiyyətlə ictimai ədəbi mühitimizdə tanınan imzalarla da əyani olaraq tanışlığa səbəb olur. Bununla yanaşı, həm də yerli müəlliflərlə də tanış olmaları üçün bir daha imkan yaranmış olur. Və bunun üçün də ildə bir neçə dəfə bu cür sərgi və görüşlərin keçirilməsini arzu etdi müsahibim. Qeyd etdi ki, Naxçıvan onsuz da festivallar şəhəridir, nə xoş olar ki bundan sonra kitab festivalı da buna əlavə oluna. Elxan müəllim Naxçıvanın bu keçirilən kitab sərgisinə ev sahibliyi etməsi, insanların sərgiyə marağının çox olması, bir sözlə əvəzolunmaz xoş hissləri yaşatdıqları üçün təşkilatçılara öz minnətdarlığını bildirdi. Yerli yazarlarımızdan daha bir müsahibim Təranə Arifqızı oldu: - Azərbaycanın bir çox nəşriyyatlarının bütövlükdə sərgisinin açılması və yazarların, şairlərin eləcə də kitabsevərlərin sərgidə yaxından iştirak eləməsi bizi ürəkdən sevindirir. Hətta yerli yazar kimi bizi daha çox fərəhləndirir ki, biz də bu sərgidə dəvət almışıq və həm kitablarımızın sərgisini, satıtışı üçün yaradılan şəraitdən yararlanırıq.

Belə möhtəşəm bir sərgiyə ev sahibliyi edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımovdan da sözlü-sənətli sərginin təəssüratlarını bizmlə bölüşməsini xahiş etdim. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubuileyi ərəfəsində bu cür sərginin keçirilməsindən qürur böyük fərəh hissi keçirdiyini bildirdi: - Azərbaycanı hər zaman elm, sənət ocağı kimi görmək istəyən Ulu Öndər Heydər Əliyev irsinin bu gün ölkədə uğurla davam etdirildiyinin şahidiyik Sevindirici bir haldır ki, sərginin ilk dəfə keçirilməsinə baxmayaraq insan axınını müşahidə etdik və “Naxçıvan” Universitetinin fərqli aiditoriyalarında müxtəlif görkəmli qələm sahibləri ilə görüşlər təşkil olundu. Sərgiyə gələn insanlar həm kitablarla yaxından tanış olur, istədikləri kitabları əldə edir, həm də görüşlərdə iştirak etmək şansından yararlanırdılar. Hesab edirik ki sərgiyə gələn muxtar respublika sakinləri, eləcə də qonaqlarımız özlərinə uyğun kitablar əldə edib, maraqlarına uyğun insanlarla ünsiyyət qurmaq imkanları oldu, onlar buradan əllərində kitablar, üzlərində sevinc hissi ilə ayrılırdılar. Stendləri gəzdikcə öz kitabları ilə sərgidə yer alan gənc yazarımız, Şərur rayon Aralıq kənd tam orta məktəbin X sinif şagirdi Sabrina Gültəkin ilə də görüşüb, sərgidə yer alması ilə bağlı fikirlərini öyrəndim. Belə bir sərgidə iştirak etməkdən qürurlandığını və həyəcanlı olduğunu bildirdi. Beş kitab müəllifi olan gənc yazarımız, bu sərgidə həm də Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Qurtuluş” poeması ilə oxucuların görüşünə gəlmişdi. Kitab sərgisindəki iştirakının onun yaradıcılığı üçün böyük bir motivasiya olacağını düşünür və burdakı yazarlarla görüşünün onun həyatında yadda qalan bir günə çevriləcəyini bildirir.

Bir sözlə, I Naxçıvan Kitab Sərgisində iştirak edən hər kəs bu möhtəşəm tədbirin davamlı olmasını arzulayırdı. Ümid edirik ki, belə də olacaq və doğma diyarımız bundan sonra da belə maraqlı tədbirlərlə iştirakçılarını sevindirəcək.

Aidə İBRAHİMOVA

 

Nəşr edilib : 14.05.2023 15:57