AZ EN RU

I Beynəlxalq Tibbi Forum yüksək təşkilatçılıq, elmi müzakirələr, təcrübə mübadiləsi şəraitində keçdi, rəngarəng tədbirlərlə yadda qaldı

    I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditəpə Universiteti və Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə tərəfdaşlığın əsası qoyulub. 
    TürkiyəninYeditəpə Universiteti nümayəndə heyətinin iştirakı ilə bu münasibətlə keçirilən görüşdə  universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd olunub ki, əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbə mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Diqqətə çatdırılıb  ki, universitetin beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi rolu vardır. Ali təhsil ocağı Türkiyənin 130-dan çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Rektor artıq bu tədris ilindən etibarən Yaponiya universitetləri ilə də beynəlxalq əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, universitet elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirir və professor-müəllim heyətinin beynəlxalq indeksli nəşrlərdə elmi məqalələrinin dərc olunması məqsədilə nüfuzlu jurnallarla əməkdaşlığa üstünlük verilir. 

    Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl ilk dəfədir, Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu bildirib. Qeyd edilib ki, 1996-cı ildə əsası qoyulan universitet bir çox sahədə öncül olmaqla bərabər, ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaq üzrə dünyanın 700-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. Vurğulanıb ki, 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə Tibb, İqtisadiyyat, Mühəndislik, Hüquq, Ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyədə Günəş enerjisindən istifadə edərək öz enerjisini təmin edən ilk universitetdir. 
    I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında da əməkdaşlıq müqaviləsi imzalanıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ikitərəfli görüşdə Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevi və nümayəndə heyətini salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, artıq 55 ildir ki, fəaliyyət göstərən universitetə ilk dəfə ulu öndər Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə yüksək özünüidarə statusu verilib. Rektor təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ali təhsil ocağının Web of science indeks bazalarına malik jurnallarla əməkdaşlığa başlaması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq. Məlumat verilib ki, Tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər, muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağladığımız müqavilələrə əsasən orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.  
    Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma yüksək səviyyədə ev sahibliyinə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, ali təhsil ocağının kollektivini bu münasibətlə təbrik edib. Rektor rəhbəri olduğu universitetin əsasının 15 may 2015-ci ildə qoyulduğunu bildirib. Vurğulanıb ki, filialın yaradılması haqqında qərar Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında qəbul edilib və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb.  Filialda tədris prosesi Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Rektor gələcək həkimlərin praktik vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətindən danışıb. 
    Professor muxtar respublika xəstəxanalarında apardığı müayinə üsullarından danışaraq Naxçıvan səhiyyə sistemi üçün mövcud avadanlıqların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, həkimlərin də yüksək  səy və həvəslə öyrənməyə meyilli olduqları vurğulanıb. 
    Hər iki görüşün sonunda tərəfdaşlıq məsələləri müzakirə olunub, əməkdaşlıq müqavilələri imzalanıb. Əməkdaşlıq müqavilələrində birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və onlarla birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb. 
    Sonda universitet rektorları qarşılıqlı hədiyyələr təqdim ediblər.  Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl universitetin xatirə kitabına ürək sözlərini yazıb.
    Qeyd edək ki, I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti və Türkiyənin Qaradəniz Texniki Universiteti arasında da əməkdaşlıq müqavilələri imzalanıb. Yeni tərəfdaşlıqlar muxtar respublikada ali təhsilli tibbi kadr hazırlığı, Naxçıvanda səhiyyənin yüksəkixtisaslı yerli mütəxəssislər ilə təminatı, Naxçıvan Dövlət Universitetində bu sahədə  tədrisin keyfiyyətinin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından öz töhfəsini verəcək. 

Bölmə iclaslarında tibb elminin müxtəlif sahələrinə 
dair  aktual elmi  mühazirələr dinlənilib

    Muxtar respublikada ilk dəfə keçirilən, dünyanın 7 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu I Beynəlxalq Tibbi Forumda 4 bölmə üzrə tibb elminin müxtəlif sahələrinə dair aktual mövzularda elmi mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Bölmə iclaslarında muxtar respublika səhiyyə sisteminin müvafiq həkimləri, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin ixtisaslı həkim, rezident və yuxarı kurs tələbələri iştirak ediblər. 

    Naxçıvan Dövlət Universitetinin A bölməsində Laparoskopik cərrahiyyə və Laparoskopik kolorektal cərrahiyyə kursları, Ginekologiya, Bariatrik metabolik cərrahiyyə, Cərrahiyyə – III,  Pankreas xəstəlikləri, Plastik estetik və rekonstruktiv cərrahiyyə, Endokrinologiya sahələri üzrə 70-ə yaxın çıxış olub. 
    Forumun ilk günündə “Laparoskopik cərrahiyyə kursu” adlı bölmədə moderatorlar professorlar Cavid Avcı, Ömər Alabaz, dosent Müşviq Həsənovun rəhbərliyi altında 10, “Laparoskopik kolorektal cərrahiyyə kursu” adlı bölmədə moderatorlar professorlar Ləvənt Avtan, Mətin Ərtəm, Yuri Starkovun rəhbərliyi ilə 9, “Ginekologiya” adı altında professorlar Erkut Attar,  Cəmilə Qurbanova, İslam Mahalov, tibb üzrə fəlsəfə doktoru Öndər Tulumbacının moderator olduğu bölmədə 8, Bariatrik metabolik cərrahiyyə bölməsində professorlar Mustafa Taşkın, Ləvənt Avtan, tibb üzrə fəlsəfə doktorları Tariyel Ömərov, Elçin Abdinov moderatorların təşkilatçılığı ilə 11 mühazirə dinlənilib.

    Forumun II günündə isə professorlar  Qalib Qarayev,  Fariz Camalov, Novruz Hacıyevin rəhbərliyi ilə,  tibb üzrə fəlsəfə doktoru Anar Namazovun moderatorluq etdiyi Cərrahiyyə – III adlı bölmədə 10, professorlar Dilək Oğuz və  İrfan Korukun rəhbərliyi altında professorlar Vaqif Qələndər, Mismil Muradov və tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun moderator olduğu bölmədə 9, dosent Sərdar Əliyev, həkimlər Samir Şükürov, Mətanət Səfərova,  tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın rəhbərlik etdikləri bölmədə mövzular üzrə 9 çıxış dinlənilib.  
    Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində təşkil olunan ilk irimiqyaslı tibbi forumdur.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Yüksəkixtisaslı həkimlər Naxçıvanın iri səhiyyə 
müəssisələrində növbəti müayinə və müalicələr aparıblar

    Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər muxtar respublikada növbəti müayinə və müalicələr aparıblar. Azərbaycan Tibb Universitetinin professor həkim heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub, pasiyentlərlə söhbətlər aparıb, onları müayinə və müalicəyə cəlb ediblər. Üz-çənə cərrahı, professor Çingiz Rəhimov çənədə yayılmış şişlə əlaqədar xəstəxanaya müraciət edənləri müayinə edib, tibbi tövsiyələr verib.

    Tanınmış həkim-oftalmoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar elm xadimi, Əməkdar həkim Paşa Qəlbinur və rəhbərlik etdiyi həkim heyəti də rezidentlərlə birgə Naxçıvan Muxtar Respublika Xəstəxanasında oftalmoloji müayinələr aparıb. Müayinələrdə əhalinin müxtəlif yaş qrupundan olan sakinlərə yüksək tibbi xidmət göstərilib.
    Türkiyəli həkim-mütəxəssislər isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində olub, pasiyentlərlə maarifləndirici söhbətlər aparıblar. Xəstələr ginekoloji-konsultativ tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub. 
      Azərbaycan Tibb Universitetinin bir qrup həkim-mütəxəssisi Naxçıvan Diaqnostika Müalicə Mərkəzində müxtəlif müayinələr aparıb. Qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən pasiyentlər müayinədən keçirilib və tibbi tövsiyələr verilib. Həmçinin mərkəzdə plastik və estetik cərrah həkimləri də müxtəlif müayinələr aparıblar.

Forum iştirakçıları muxtar respublikanın gəzməli 
yerləri ilə tanış olublar

    Beynəlxalq Forum iştirakçılarının növbəti gəzintisi təşkil olunub. İlk olaraq iştirakçılar Duzdağ Fizioterapiya Mərkəzində olublar. Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təchiz olunub. Həkimlərin xüsusi marağına səbəb olan Duzdağ Fizioterapiya Mərkəzi qonaqlarda yüksək təəssürat yaradıb. 

    Gəzinti Möminə xatın türbəsi,  Xan Sarayı və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıqla davam edib. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan türbə, qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqların diqqətini çəkib. Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatın türbəsi 1186-cı ildə tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Qonaqlar Batabat  yaylağında da olublar. Buranın ecazkar gözəlliyi, füsunkar təbiəti onlara böyük mənəvi zövq bəxş edib. Gəzinti “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə sona çatıb. Əshabi-kəhflə bağlı rəvayətləri maraqla dinləyən qonaqlar ziyarətgahı heyranlıqla gəziblər.

    Xəbərlər şöbəsi

“Tibbi forumun Türk dünyasının qapısı Naxçıvanda keçirilməsi, 
burada gördüklərimiz xoş təəssüratlarla qayıtmağımıza səbəb olacaq”
 

    I Beynəlxalq Tibbi Forum iştirakçılarının təəssüratları ilə qəzetimizin oxucularını tanış edirik:

    Cavid Avcı –  İstanbul Universiteti Davamlı Tibbi Təhsil  və Araşdırma Mərkəzi qurucusu, Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin fəxri sədri, ümumi cərrah:  – Təyyarədən enən kimi gözəl bir mənzərə ilə qarşılaşır insan, Naxçıvana ayaq basanda sanki bir Avropa şəhərində hiss edirsən özünü. Təbiəti çox gözəl, insanları səmimidir. Tədbirin təşkilatçılığı yüksək səviyyədədir. Elm ocağında təşkil edilməsi isə daha da gözəldir. Burada təhsil alan gələcəyin həkimlərinin forumun iştirakçısı olan və öz sahəsində mütəxəssis sayılan həkimlərin mühazirələrini dinləməsi gələcəkdə  onların yaxşı nəticələr əldə etmələrinə zəmin yaradır. Gənc həkimlərin forum çərçivəsində keçirilən iclaslara marağı isə təqdirəlayiqdir. Birinci Beynəlxalq Tibbi Forumun Türk dünyasının qapısı olan Naxçıvanda keçirilməsi və burada üç gün ərzində gördüklərimiz Türkiyəyə xoş təəssüratlarla qayıtmağımıza səbəb olacaq. Onu xüsusilə qeyd etmək istərdim ki, Türk dünyasının böyük liderlərindən olan Heydər Əliyevin abidəsini və dahi şəxsiyyətin muzeyini ziyarət etmək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdə olmaqdan böyük  şərəf və məmnunluq duydum.  

    Müşviq Həsənov – Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri: –Təəssüratlarım böyükdür. Azərbaycanın ayrılmaz hissəsi, Şərqin qapısı olan, mənim ürəkdən bağlı olduğum Naxçıvanda belə bir tədbirin keçirilməsi möhtəşəmdir. Doğrusu, biz bir neçə ildir, buna hazırlaşırıq. Amma mən sizə açıq deyim, təsəvvür etmirdim ki, tədbir bu şəkildə baş tutacaq. Amma mənim xəyallarımda canlandırdığım o tədbir, həqiqətən, baş tutdu. Bilirsiniz, forum sanki bir neçə konqresin birləşməsi idi. Təbabətin bütün sahələri bu forumda əhatə olunub. Forumda panellərdə olan müzakirələr çox qızğın getdi, onların insanlar üçün, həkimlərimiz üçün çox faydalı olacağını ümid edirik. Məqsədimiz də o idi ki, xaricdən, qardaş Türkiyədən çoxsaylı alimlər, elm adamları bizim Azərbaycanın, eyni zamanda Qazaxıstan, Özbəkistan, Rusiya və Almaniyadan olan elm adamlarının müştərək fikir mübadiləsinə şərait yaratsın. İnanıram ki, qarşılıqlı fikir mübadiləsi həm Naxçıvandan olan həkimlərə, həm də ölkəmizin həkimlərinə çox faydalı olacaq. Ulu öndərimizin doğma Vətənində olmaqdan sevindik. Xüsusilə Ali Məclisin Sədrinə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə minnətdarlığımı bildirirəm. Ali Məclis Sədrinin diqqət və qayğısı, siyasi dəstəyi nəticəsində bu forum möhtəşəm keçdi. Buna ürəkdən sevinirəm.

    Yuri Starkov – Rusiya Cərrahlar Cəmiyyətinin sədri, professor: – Naxçıvan Muxtar Respublikasına ilk dəfə belə bir möhtəşəm tədbir üçün gəlməkdən məmnunluq duyuram. Azərbaycanın mühüm strateji əhəmiyyətə malik bir diyarı olan Naxçıvan çox inkişaf edib. Burada elmin bir çox sahələrinin inkişaf etdirilməsi üçün əsaslı potensial formalaşıb. Uzun illər bir çox tibbi forumların həm təşkilatçısı, həm də iştirakçısı olaraq deyə bilərəm ki, Naxçıvanda tibbi forum ilk dəfə keçirilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil edilib. Universitetlə tanışlığımız da yaddaqalan oldu. Burada dünyanın bir çox yerlərindən gələn tələbələr təhsil alırlar. Bu, Naxçıvan kimi bir diyar üçün böyük nailiyyətdir. Tibb fakültəsində təhsil alan tələbələr inanıram ki, bu tibbi forumdan yetərincə yararlana biləcəklər. Naxçıvan həm də tarixi abidələr diyarıdır. Bir neçə tarixi abidə və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olduq. Duzdağ çox maraqlı yerdir, havası çox gözəldir, müalicəvi effekti ilə dünyada nadir səhiyyə ocaqlarındandır. Möminə xatın türbəsi,  Xan sarayı  unikal tarixi abidələrdir. Əshabi-kəhf çox sehrli və gözəldir, təbiəti insanı valeh edir. Səmavi dinlərdən olan İslama aid müqəddəs kitabda adıçəkilən bu məkanda olmaq insana rahatlıq gətirir. Bir sözlə, möhtəşəmdir. Hava çox isti olmasına baxmayaraq, təmizdir. İnsanları səmimi, mədəni, mətbəxi isə möhtəşəmdir. Qonaqpərvərlik yüksək səviyyədədir. Təşkilatçılara minnətdarlığımı bildirirəm. 

    Dilək Oğuz – Türkiyə Qastroenterologiya Dərnəyinin sədri, professor: – Burada iştirakımdan çox şadam, çünki bu, çox əhəmiyyətli bir forumdur. Daha əvvəl forum proqramının təşkilatçıları ilə danışanda aydın oldu ki, bu foruma Türkiyədən, başqa ölkələrdən, eləcə də Azərbaycandan, Naxçıvandan tibbin müxtəlif sahələrindən çoxlu alim və həkimlər gəlib. Bu tip forumlar, yığıncaqlar iştirakçılar üçün çox əhəmiyyətlidir. Birincisi, onlara öz elmi biliklərini bir-biri ilə bölüşməyə imkan verir, ikincisi, hər kəs öz sahəsində daha nələr edə bilər kimi baxış bucağını genişləndirir. Naxçıvan Dövlət Universiteti də bu beynəlxalq forumun əsas dəstəkçisidir. Görünür ki, bu forumun təşkilinə dövlət ciddi diqqət və dəstək göstərib. Bu görüş mənim üçün böyük önəm daşıyır. Burada Türkiyə Qastroenterologiya Dərnəyini təmsil edirəm, mənimlə birgə dərnəkdən 12 nəfər də iştirak edir. Eyni zamanda bölmə iclasında “Mədəaltı vəzi xəstəlikləri” mövzusunda çıxışım oldu. Bu, çox gözəl elmi görüş idi. Bunun üçün böyük əmək və zəhmət sərf edilib. Mən, təxminən, 10 il əvvəl Naxçıvana gəlmişəm. Çox gözəl yerdir, unikal xüsusiyyətləri var. Duzdağı və Batabatı görmüşdüm. Şəhər turlarına çıxdım. Naxçıvanı, xüsusilə şəhərin özünə, tarixinə göstərilən qayğını sevdim. Bu, indiki dövrdə çox vacibdir. Binalara, lövhələrə, küçələrə, ağaclara xüsusi diqqət yetirilib, baxımlılıq, təmizlik Naxçıvana məxsus böyük üstünlükdür. 

    Sardar Sizdikkhodjaev – Daşkənd Tibb Akademiyasının professoru:  (Özbəkistan) – Naxçıvan çox gözəl bir şəhərdir. Çox səliqəli və tarixi məkandır. İlk dəfə keçirilən Beynəlxalq Tibbi Forum çox maraqlı keçdi. İxtisasca neyrocərraham. İclaslardakı çıxışlarımızda da sinir sistemi xəstəlikləri və onların müalicə və müayinəsi barədə ətraflı məlumatlar verdim. Bu foruma  müxtəlif ölkələrdən qatılan həkimlər və alimlərlə söhbət etmək, onlarla müxtəlif  tibbi sahələrdə fikir və düşüncələrimizi bölüşmək imkanı əldə etdik. Belə bir forumun iştirakçısı olmaq bizim üçün böyük fəxr idi. Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.

    Mismil Muradov – Qazaxıstan Milli Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, professor: – Əvvəlcə belə bir möhtəşəm tədbirə dəvət aldığım üçün təşkilatçılara minnətdarlığımı bildirirəm. Tədbir çox yüksək səviyyədə təşkil olunub. Belə bir Tibbi Forumun keçirilməsi biz həkimlər üçün müəyyən məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Mən bir çox ölkələrdə bu cür konfranslarda, simpoziumlarda iştirak etmişəm, tam səmimiyyətimlə etiraf edim ki, belə qonaqpərvərliyi heç yerdə görməmişəm. Onu da deyim ki, Naxçıvan çox gözəl şəhərdir. Sakit, təmiz, arxitektura cəhətdən heyranedici, xüsusilə də milli koloritin ön yerdə olması çox xoşuma gəldi. Səfər proqramında vaxt məhdud olsa da, bir neçə gəzməli-görməli yerlərlə yanaşı, Duzdağ Müalicə Mərkəzində də olduq. Deyərdim ki, Duzdağ Naxçıvanın ən möcüzəli yerlərindən biridir. Tədbir iştirakçıları ilə bu ərazini çox maraqla izlədik. Son olaraq isə onu demək istərdim ki, yerli mətbuat orqanlarına da tədbirin keçirilməsinə, eyni zamanda biz həkimlərin fikirlərinə diqqət ayırdıqlarına və işıqlandırdıqlarına görə təşəkkürümü bildirirəm.

    Ləvənt Avtan – İstanbul Tibb Fakültəsinin Ümumi cərrahiyyə şöbəsinin həkimi: – İlk dəfə təşkil edilən belə bir forumun Naxçıvan kimi gözəl bir şəhərdə keçirilməsindən məmnunluq duyuram. Bu forum qardaş türk ölkələri arasındakı birliyi bir daha nümayiş etdirməklə yanaşı, həm də ortaq elmi araşdırmalar üçün mühüm bir tədbirdir. Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının ali təhsil ocaqları arasındakı əməkdaşlığı yaxından izləyirəm.  Onu da deyim ki, təhsil ocaqları arasında imzalanan əməkdaşlıq müqavilələri çox əhəmiyyətlidir. Tələbələrin və həkimlərin  təcrübəsi artır və onlar öz ixtisasları üzrə yeni biliklər öyrənirlər. 

    Paşa Qəlbinur – tibb elmləri doktoru, oftalmoloq, professor: – Naxçıvana son səfərim, təqribən, 30 il bundan öncə olub. Bu isə Naxçıvana ikinci gəlişimdir. Deyərdim ki, 30 ildə Naxçıvanda möhtəşəm dəyişikliklər baş verib. Bu günün Naxçıvanı dünyanın bir çox inkişaf etmiş şəhərlərindən heç də geridə qalmır. Bir neçə gündə həkim heyəti ilə birlikdə Naxçıvanı qismən gəzdik, bir çox görməli yerlərdə olduq. Yolboyu füsunkar təbiət mənzərələri ilə qarşılaşdıq. Görünür, burada insanla təbiət qırılmaz tellərlə bir-birinə bağlıdır ki, bu da təbiətin qorunmasına, ətraf mühitin təmizliyinə öz təsirini göstərir. Getdiyimiz hər yerdə təmizliyin, abadlığın şahidi olduq. Fürsətdən istifadə edib onu da qəzetiniz vasitəsilə bildirmək istəyirəm ki, naxçıvanlılar hər zaman yüksək mədəniyyətə malik insanlar olub, elmə, biliyə böyük önəm verib. Naxçıvanlı həkimlərlə təcrübə mübadilələri, müzakirələr bunu deməyə əsas verir. Bir iştirakçı kimi deyə bilərəm ki, I Beynəlxalq Tibbi Forum çox yüksək səviyyədə təşkil olunub. Burada dünya üzrə tanınmış alimlər, professorlar iştirak edirlər. Forumda tibbin ən son nailiyyətlərinə dair müzakirələr aparılır, təqdimatlar olur. Bu da yerli həkimlər üçün böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında müayinələr də apardıq. Burada fəaliyyət göstərən həkimlərdən bir neçəsi mənim tələbəm olub. Bu məni qəlbən sevindirdi ki, bu gün onların hər biri yüksəkixtisaslı, müasir biliklərə malik həkimlərdir. Onlarla birlikdə 30-a yaxın xəstəni müayinə etdik. Onu da qeyd edim ki, xəstəxanada yüksək şərait yaradılıb, bütün lazımi avadanlıqlarla təchiz olunub. Görünür ki, Naxçıvanda səhiyyə sisteminin təkmilləşdirilməsi işinə xüsusi önəm verilir. 

    Rəşad Şolan – Respublika Diaqnostika Mərkəzinin Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının müdiri, Böyrək Trans­plantasiyası üzrə Mütəxəssislər Assosiasiyası İdarə Heyətinin sədri:  – Məhz Naxçıvanda birinci beynəlxalq forumun keçirilməsi Azərbaycan səhiyyəsi tarixində böyük hadisədir. Bu forumun özəlliyi tibb elminin bütün sahələrini əhatə etməsində, universitetlərlə əməkdaşlıq müqavilələri imzalanmasındadır. Bu müqavilələr gələcəkdə elmi və tibbi klinik sferada əməkdaşlığa yol açacaq. Çoxlu sayda dərnəklər, ictimai birliklər, Azərbaycanın tanınmış tibb adamları bu foruma öz töhfələrini verdilər.
    Naxçıvan Azərbaycanın özəl bir bölgəsidir və Naxçıvanın hər daşı, kəsəyi bir tarixdir. Biz xarici qonaqlarla gəzərkən hər biri istər dini-mədəni ziyarətgahı, istərsə də muzeyləri böyük heyranlıqla seyr edirdi. Əlincə qalası, Əshabi-kəhf ziyarətgahı, Duzdağ Fizioterapiya Mərkəzi kimi yerlərin hər biri bir tarixdir. Belə toplantılarla tarixi təbliğ etmək lazımdır. Bu, həmçinin Naxçıvana turistlərin marağını artıracaq. Çünki avropalılar tarixə, tarixi abidələrə meyil edir. Nə qədər çox belə toplantılar təşkil etsək, təkcə Şərq ölkə­lərindən deyil, Qərb ölkələrindən də nümayəndələr dəvət etməklə bu forumu gələcəkdə də bir növ brendə çevirə bilərik.  Arzu edirəm ki, bu forum ənənəvi hal alsın. Elmi-tibbi fəaliyyətimdə də bu forumun müəyyən qədər izi oldu. Möhtəşəm təşkilatçılıq üçün minnətdarlığımı bildirirəm. 
    Planlarımız gələcəkdə Naxçıvanda tibbi aksiyalar keçirmək, vaxtaşırı aztəminatlı ailələrə təmənnasız xidmətlər göstərməkdir və bunu həyata keçirəcəyimizə inanıram. 

Gülcamal TAHİROVA
Güntac ŞAHMƏMMƏDLİ
Telli MƏMMƏDOVA
Ramiyyə ƏKBƏROVA

Forumun bağlanış mərasimi keçirilib

    İyunun 20-də “Duzdağ” otelində  I Beynəlxalq Tibbi Forumun bağlanış mərasimi təşkil edilib. Bağlanışda qonaqların muxtar respublika və forum haqqındakı təəssüratları dinlənilib. Çıxışlarda forumun elmi-tarixi əhəmiyyətindən, yüksək təşkilatçılıq səviyyəsindən, gələcək elm-tədrisyönümlü tərəfdaşlıqların təməlinin qoyulmasından, aktual elmi mövzularda müzakirə və təcrübə mübadiləsindən bəhs olunub. Qonaqlar  Naxçıvan haqqında, qonaqpərvərliklə qarşılanmalarından da yüksək təəssüratla danışıblar. 

    Sonra iştirakçı cəmiyyət sədrlərinə, fəxri qonaqlara plaketlər təqdim olunub. Bölmələr üzrə ən yaxşı təqdimatlara diplom və plaketlər verilib. Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının ifasında musiqi nömrələri, kollecin Xoreoqrafiya ixtisası tələbələrinin rəqsləri alqışlarla qarşılanıb. Rəngarəng konsert proqramı forumun bağlanış tədbirinə bayram təntənəsi bəxş edib.

Xəbərlər şöbəsi
 

 

Nəşr edilib : 21.06.2022 00:20