AZ EN RU

I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetlərarası yeni tərəfdaşlığın əsası qoyulub

I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsilli tibbi kadr hazırlığı aparan, muxtar respublikanı yüksəkixtisaslı yerli tibb mütəxəssisi ilə təmin edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan Tibb Universiteti və Türkiyə Respublikasının Qaradəniz Texniki Universiteti ilə yeni tərəfdaşlığının əsası qoyulub.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Dövlət Universitetində görüş keçirilib. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, ali təhsil ocağının maddi-texniki bazası, fəaliyyəti və strukturu, beynəlxalq əlaqələri, yaradılmaqda olan Texnopark və onun fəaliyyət sahələri haqqında məlumat verib, yeni açılan ixtisaslar və gələcək perspektivlər vurğulanıb. Regionda ingilis dilinin fəaliyyətinə xüsusi dəstək məqsədilə ali təhsil ocağında qurulan IELTS qeydiyyat və imtahan mərkəzinin üstünlükləri və muxtar respublika təhsil sisteminə verəcəyi perspektivlər qeyd olunub.

Elbrus İsayev ali təhsil ocağında artıq 23 ildir, fəaliyyət göstərən Tibb fakültəsinin muxtar respublika səhiyyəsinə verdiyi töhfələri diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın səhiyyə sisteminin kadrla təminatı baxımından 80 faizdən çox tibb personalı məhz universitetin tibb məzunları hesabına həyata keçirilir. Fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və hər il müəllim-tələbə heyəti həmin universitetlərdə təcrübə keçmək imkanı əldə edirlər. Bildirilib ki, universitetdə 32 ixtisas üzrə rezidentura təhsili həyata keçirilir.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilk dəfə  Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib. Bu ali təhsil ocağı ilə əlaqələrdən danışan professor hər iki universitet arasında uzun illərdir, davam edən birgə əməkdaşlıq məsələlərindən bəhs edib. Ölkədə tibb təhsilində ən birinci universitet olan Azərbaycan Tibb Universitetinin fəaliyyəti, buradakı fakültə və ixtisaslar haqqında məlumat verən professor Gəray Gəraybəyli gələcəkdə yeni ixtisaslar üzrə proqramlar hazır­landığını diqqətə çatdırıb. Vurğulanıb ki, xarici ölkələrdən professor-müəllim heyətinin universitetə dəvət olunması və təcrübə mübadiləsi tibb təhsilində beynəlxalq təcrübənin bölüşdürülməsi baxımından çox əhəmiyyətlidir. Rektor ali təhsil ocağında 6 dissertasiya şurasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb və Naxçıvan Dövlət Universitetinə də gələcəkdə bu sahədə xüsusi dəstək göstəriləcəyini qeyd edib.

Sonra universitetlər arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb.

I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının Qaradəniz Texniki Universiteti arasında da birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Rektor Elbrus İsayev Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcının rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb.

Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının artıq 55 ildir, fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Vurğulanıb ki, ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsi üzrə 40 və rezidentura mərhələsi üzrə 32 ixtisas üzrə kadr hazırlığı aparılır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini diqqətə çatdıran rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biri olmaqla texniki sahədə kadr hazırlığı həyata keçirilən universitetlər sırasındadır. Bildirilib ki, 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texniki Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.

Naxçıvan Dövlət Universitetinin hər iki universitetlə imzaladığı əməkdaşlıq protokollarında təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi, birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, təhsilin bütün sahələrində elmi mövzular haqqında məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının və texniki materialların, həmçinin akademik, müəllim və tələbə mübadiləsini həyata keçirmək, konqres, konfrans, simpozium, seminar və digər birgə elmi tədbirlərin təşkili, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələlərini müzakirə etmək nəzərdə tutulur.

Tədbirlərin sonunda rektorlar qarşılıqlı hədiyyələr təqdim ediblər. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli  və Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına öz ürək sözlərini yazıblar.

Səfər proqramı çərçivəsində qonaqlar Tibb fakültəsi ilə də yaxından tanış olublar. Qonaqlara fakültə haqqında məlumat verilərək bildirilib ki, fakültə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ulu öndər Heydər Əliyevin dəstəyi ilə yaradılmışdır. 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə Naxçıvan Dövlət Universitetində ali tibb təhsilinin təməli qoyulmuşdur. Tibb mütəxəssislərinin hazırlıq səviyyəsini yüksəltmək məqsədilə 2000-ci ildə 4 mərtəbəli, 35 çarpayılıq xəstəxanası olan tədris-kliniki korpus Pediatriya ixtisası üzrə təhsil alan tələbələrin və pedaqoji kollektivin istifadəsinə verilmişdir. Bununla belə 2003-cü ildən etibarən Pediatriya ixtisası Təbiətşünaslıq-tibb fakültəsinin tərkibindən ayrılaraq müstəqil Tibb fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.

İştirakçıların diqqətinə çatdırılıb ki, fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ildən etibarən universitetdə üçmərtəbəli kliniki xəstəxana istifadəyə verilmişdir. Universitet xəstəxanası müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrə universitet ərazisində praktik dərslərin keçilməsi üçün əlverişli imkanlar yaratmışdır. Fakültənin müasir tədris korpusu yenilikçi standartlara cavab verən avadanlıqlarla, kabinə və laboratoriyalarla təchiz edilmiş, müasir memarlıq üslubunda geniş foyelər, işıqlı auditoriyalar yaradılmışdır. Tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edir. Kliniki dərslərin əksəriyyətini xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçilməsi üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublika Xəstəxanasında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur.

Naxçıvan Dövlət Universitetinin  Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

          Xəbərlər şöbəsi

Nəşr edilib : 19.06.2022 01:25