AZ EN RU

“I Beynəlxalq İpək Yolu” konfransı keçirilib- YENİLƏNİB

    Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edib.
    Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
    Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev konfransdakı giriş nitqində Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında, ölkəmizin iqtisadi və mədəni inkişafında oynadığı roldan danışıb. Qeyd edilib ki, bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb.
    Diqqətə çatdırılıb ki, İpək Yolunun bərpası Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb.
    Rektor 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsini əsas məsələlərdən olduğunu vurğulayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nailiyyət Türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. 
    Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu diqqətə çatdırıb ki, əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.
    Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənilib.
    Sonda universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı nümayiş olunub.
    İqtisadi İnkişaf  və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emek konfransın təşkilatçılarına plaket təqdim edib.
    Qeyd edək ki, konfrans ənənəvi və onlayn formatda olmaqla, 23 bölmədə davam edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 26.05.2023 12:00