AZ EN RU

Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 sentyabr tarixdə “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəb və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirib ki, Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavid öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Qeyd edilib ki, Cavid dramaturgiyası Azərbaycan teatrının inkişafına qüvvətli təsir göstərib, Avropa ənənələrinin milli teatra gətirilməsinə səbəb olub. Onun dramaturji istedadını və milli teatrımıza xidmətini yüksək qiymətləndirən ədəbiyyatşünaslar məhz buna görə Cavidi “Şərqin Şekspiri” kimi xarakterizə ediblər. Beləliklə, Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.

Sonra Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qanun Məmmədov çıxış edərək Hüseyn Cavidin həyat və yaradıcılığı, ədəbiyyatımızda “Ana” dramının tutduğu yer haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra tədbirin bədii hissəsində 5 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Hüseyn Cavidin şeirləri səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin səhnələşdirdiyi Hüseyn Cavidin “Ana” dramı, Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən səhnələşdirdiyi “Qız məktəbində” tamaşaları nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.10.2022 17:20