AZ EN RU

Hüseyn Cavidin fəlsəfi dünyası – “Azər” poeması

    Naxçıvan torpağında dünyaya göz açan romantik şeirimizin ən görkəmli nümayəndəsi, dramaturq, filosof Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan sənətkarlardandır. Həm klassik şeir, həm də xalq şeiri üslubunda mükəmməl lirik-fəlsəfi nümunələr yaradan ustad sənətkarın özünəməxsus deyim tərzi, dili və üslubu onu bütün dövrlərdə şeirimizin zirvəsinə daşımışdır. 1882-ci ildə Naxçıvan torpağında doğulan Hüseyn Cavid təhsilini öz dövründə Azərbaycanın pedaqoji mərkəzləri sayılan Naxçıvan və Təbrizdə, daha sonra isə İstanbulda davam etdirmişdir. 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə ədəbi aləmdə tanınmışdır. Hüseyn Cavidin aldığı təhsil onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, böyük ədibin qələmindən nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının zirvəsi sayılan əsərlər çıxmışdır. Burada yaratdığı obrazlar, onların vasitəsilə irəli sürdüyü dərin fəlsəfi fikirlər Cavidin yaradıcılığının bənzərsizliyini, orijinallığını və özünəməxsusluğunu ortaya çıxarır. Həmçinin əsərlərinin dili ilə də Cavid təkrarolunmazdır. Uzun illər Türk dünyasının gündəmində olan ortaq türk dili məsələsi məhz Cavid yaradıcılığında öz həllini hələ o dövrdə tapmışdır. Bəzilərinin fikrincə, osmanlıca yazıb-yaradan və “dilimizə zərbə vuran” Cavid, əslində, bütün Türk dünyasına xitab edən, türk xalqlarının ortaq ünsiyyət vasitəsinə çevrilə biləcək orijinal bir dildən istifadə etmişdir.  

   Öz əsərlərinin mövzusu və məzmunu ilə yaşadığı dövrün məhdud çərçivələrinə sığa bilməyən Hüseyn Cavidin irəli sürdüyü bəşəri ideyalar onun həyat yolunu, ağır taleyini müəyyən etmişdir. Hüseyn Cavidin özünəməxsus, dövrün, ideologiyanın tələblərinə boyun əyməyən düşüncə tərzi onu məhvə sürükləmiş, ağır repressiyaların qurbanı olan, həyatının son illərini həbsxanalarda keçirən dahi şairin Naxçıvandan başlayan həyat yolu 1941-ci ildə Rusiyada – İrkutsk vilayətində qırılmışdır. Cavidin siyasi bəraət alması, onun Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi yenidən xalqımıza qazandırılmasında Ümummilli Liderimiz Heydər Əliyevin böyük rolu olmuşdur. Onun səyləri və qətiyyəti sayəsində dahi şairin cənazəsi Azərbaycana gətirilərək doğma Naxçıvan torpağında əbədiyyətə qovuşdurulmuşdur.     
    Yaradıcılığının əsas ideyası insan taleyi, onun bu günü, gələcəyi olan Hüseyn Cavid həm şeirlərində, həm dram əsərlərində, həm də poemalarında bəşəri problemlər ortaya qoymuş, özünün lirik-fəlsəfi fikirləri ilə nadir sənət inciləri yaratmışdır: “Hüseyn Cavidin poeziyasında romantika ilə realizmin heyrətamiz bir vəhdətini görürük. Şair xeyirin təntənəsinə nə qədər işıqlı, romantik xəyallar bəsləyirsə, şərin məhvi üçün də o qədər səbirsiz, acıqlı tədbirlər irəli sürür”.  
    Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Bu lirik-epik, fəlsəfi əsəri şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, 1928-ci ildə tamamlayıb. Bu əsərdə o özünün zəngin təəssüratlarını, həssas şair qəlbi ilə duya bildiyi, çoxlarının görə bilmədiyi həyat həqiqətlərini çox böyük uğurla əks etdirə bilmişdir. “Azər” həm də özünün maraqlı quruluşu ilə diqqəti cəlb edir. “Düşündüm ki”, “Azər düşünürkən”, “Gecə aydınlığı və gün doğuşu”, “Qərbə səyahət”, “Azad əsirlər”, “Kömür mədənində”, “Mühacirlər yuvası”, “Nil yavrusu”, “Şərqə doğru”, “Yaşamaq və yaşatmaq”, “İsyan” və digər adlarda ayrı-ayrı müstəqil hissələrdən ibarət olan bu əsər həm əruz, həm də heca vəznli şeirlərin düzümü ilə Hüseyn Cavidin usta qələmindən nəfəs almışdır. Bu isə şairə həyatın müxtəlif sahələrinə aid fikirlərini daha yaxşı ifadə imkanı vermişdir.       
    Azərin timsalında şair özünün dünyanı necə görmək istədiyini, gələcəklə bağlı xəyallarını, həyat haqqında düşüncələrini belə ifadə edir: 

               Düşündüm ki, susar qanlı tufanlar,
              Keçər zalım fırtınalar, böhranlar,
               Çəkilir dumanlar, sönər vulkanlar,
               Ninni söylər bana coşqun ırmaqlar.

    “Azər” poeması H.Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. İki fərqli dünyagörüşünü qarşı-qarşıya qoyan şair üçün vacib olan harada doğulmağından və yaşamağından asılı olmayaraq insandır. Ona görə insan istərsə, dünyanı özünün yaxşı əməlləri ilə gözəlləşdib müharibələrə, zülm və ədavətə son qoya bilər: 

               Əvət, insan olursa insanlar,
               Şübhəsiz, parlayıb da vicdanlar
               Sevgi nurilə kainatı bəzər,
               Bıraqıb kini, qurt qoyunla gəzər.
               Bəlli.. Ta əskidən böyük başlar
               Sülh için uğraşıb çalışmışlar.
               Çıqaraq hərbə qarşı həp ürəfa,
               Əbədi sülh içində buldu şəfa.

    Bu fikirlər Hüseyn Cavid əsərlərinin bütün ruhuna hopmuşdur. Romantik şairin bütün yaradıcılığı boyu əsas qayəsi insanları faciələrə sürükləyən hər cür zehniyyətçiliyi, şər ideyaları, bəşəriyyəti fəlakətə məhkum edən müharibələri rədd edərək cəmiyyəti sülh içərisində, firavan görmək idi. Məhz bunun üçün də şair yaratdığı obrazların daxili aləmini belə qabardır. Hüseyn Cavid üçün ən böyük düşmən insanın öz təbiətindəki, mənəvi aləmindəki şər qüvvələrdir. “Azər” poemasında Hüseyn Cavid Şərqlə Qərbi, yeniliklə köhnəliyi qarşı-qarşıya qoyur. Əsərdə həm Berlində, həm də Bakıda təsvir olunan Azər dünyanın bu iki, bir-birindən fərqli mədəniyyətə, adət-ənənələrə malik nöqtəsini maraqlı şəkildə qarşılaşdırır:

       Hər ocaqda, hər bucaqda bilgi, hünər məbədi var,
       Hər yüzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar,
       Çəlik əsəblər durmadan həp yeni bir zəfər arar,
       Hər qafada bir iman var əməkdəki səadətə.
       Bu yerlərdə yalan, qərəz, qayğısızlıq da yoq deyil,
       Kölgəli vicdanlar da çoq... zahirdə pək kibar, əsil.
       Süslər içində qıvrılan gövərçinlər də var: səfil...
       Fəqət yenə həp üstündür fəzilət eşqi zillətə.

    Avropada gördüyü hərtərfəli tərəqqini təsvir edən şair, eyni zamanda apardığı müqayisələr fonunda bəzi məsələlərdə Avropanın cəhalətin girdabında olan Şərqdən heç də geri qalmadığını göstərir. Orada müşahidə etdiyi avropalıların, adətən, Şərq xalqlarına məxsus barbarlıq hesab etdiyi, tənqid atəşinə məruz qoyduğu həyat tərzini öz oxucusuna belə təqdim edir:

                  Bir zaman bəlkə dünkü Asiyada,
                  Əski Qafqazda, vəhşi Afrikada
                  Qızı cəbrən satıb alırlarmış.
                  Ona Avropa xalqı pək fahiş
                  Bir fəlakət demiş də hayqırmış,
                  Tablo yapmış, rəsimlər aldırmış.
                  Gülmüş, əylənmiş, eyləmiş heyrət,
                  Bəsləmiş bəlkə bir yığın nifrət...
                  Fəqət bu nə hal idi!?
                  Bunu görməzmi incə gözlüklər?
                  Satılır burda qızlar azadə,
                  Həm təbii bir iş qadar sadə.

    “Azər düşüncə, idrak və həqiqət aşiqidir. O artıq günün müasir ictimai fikri səviyyəsində durur və özündən əvvəlki fəlsəfələrə yekun vurur, onları saf, çürük edir”. Azərin dünya hadisələrinə öz münasibəti var. Şair müxtəlif məqamlarda bu münasibəti açaraq öz qəhrəmanını həqiqət, ədalət axtarışında olan, daxilən kamilləşmiş bir insan kimi təsvir edir. “Azər” poeması Azərbaycan ədəbiyyatında poema janrının ən yaxşı nümunələrindən biridir. Həm məzmun, həm də ideya baxımından yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən bir əsərdir.  
    Avropadan geri dönən Azərin gəldiyi qənaət bundan ibarətdir ki, insan elə hər yerdə insandır. O, şahidi olduğu hadisələrə ictimai məna verməyi bacarır, gördüklərindən nəticə çıxarır. Əslində, Azər Hüseyn Cavidin özünün fəlsəfəsini tam şəkildə əks etdirən bir obrazdır. Şair Azərin dilindən həyat həqiqətlərini hayqırmaqla yanaşı, həm də maraqlı təbiət lövhələri yaratmış, Azərin ovqatı ilə təbiət arasında bənzətmələr, uyğunluqlar təsvir etmişdir. Azər cəmiyyətdə gördüyü çatışmazlıqları yalnız duymaqla qalmır, onların səbəblərinə, nəticələrinə dair də öz mülahizələrini irəli sürür. Azərə görə, bu qarışıq, xaoslarla dolu dünyada xalqların nicatı ancaq öz azadlıqları uğrunda mübarizədədir:   

  Əvət, ancaq mübarizə bənlik verir hər millətə,
  Nəşə sərpən yalnız odur hər şəxsə,hər cəmiyyətə.
  Hər yurdu irdirən odur özlədiyi səadətə,
  Odur ancaq qavuşduran insanları məhəbbətə.

    “Azər” poeması Hüseyn Cavidin yaradıcılığının artıq yetkin dövründə qələmə aldığı dərin fəlsəfi fikirlər ifadə edən, dolğun məzmunlu, mükəmməl formalı bir əsər kimi xarakterizə oluna bilər. Müasir dövrümüzlə də tam səsləşən əsərdə əsrlərlə xalqları öz əsarətində saxlamış cəhalət pəncəsindən qurtulub işıqlı gələcəyə gedən yolu filosof şair məhz belə görür.    
    Hüseyn Cavidin “Azər” poeması Azərbaycan və dünya ədəbiyyatında sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən ən sanballı əsərlərdəndir. 

Nuray Əliyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi İncəsənət, 
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

Nəşr edilib : 28.12.2022 22:15