AZ EN RU

Hüseyn Cavidin ev-muzeyində təmir-bərpa işləri aparılır

    Prezident cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri tərəfindən bu Sərəncamın icrası məqsədilə “Tədbirlər Planı” təsdiq edilib.  
    Ömrünü xalqına həsr etmiş, özündən sonra zəngin bədii irs qoymuş böyük mütəfəkkir, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində təmir-bərpa işlərinin aparılması muxtar respublikamızda sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir.
    Təmir-bərpa işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İnşaatçılar bu tarixi binanın dahi şair və dramaturqun adına layiq səviyyədə təmiri üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. İdarədən aldığımız məlumata görə, ilk növbədə, muzey binasının zirzəmisi təmir edilib. Muzeydə bərpa işləri davam etdirilir. Belə ki, divarlar yenidən ağardılıb, ekspozisiyanın qurulmasına hazırlıq görülür. İnşaatçılar öhdələrinə götürdükləri işi keyfiyyətlə həyata keçirir, muzey binasının vaxtında təhvil verilməsinə səy göstərirlər.
    Məlumat üçün qeyd edək ki, Hüseyn Cavidin ev-muzeyində 10 mindən artıq eksponat toplanıb. Onların böyük bir qismi şairin Naxçıvanda yaşayıb-yaratdığı illərə aid olan məişət əşyaları və digər dəyərli nümunələrdir. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.11.2022 20:52