AZ EN RU

Hüseyn Cavid yaradıcılığı fəlsəfi və ideoloji baxımdan təhlil olunub

    AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Filologiya ixtisası tələbələrinin iştirakı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin sərəncamın icrası məqsədilə təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq keçirilən tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb. Professor şair-dramaturqun yaradıcılığına nəzər salaraq bildirib ki, böyük Cavidin yüksək fəlsəfi və ideoloji kamilliyə malik bənzərsiz əsərləri Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edir. O, əsərlərində təbliğ etdiyi türkçülük ideologiyasını, aşıladığı Turan sevdasını, humanizm ideyalarını özü üçün ən böyük təhlükə hesab edən sovet hakimiyyətinin repressiya siyasətinin qurbanı olmuşdur. Lakin öz dəyərlərinə hər zaman sadiq qalan xalqımız görkəmli şair-dramaturqun irsinə də sahib çıxmış, unutmamışdır. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə dahi söz ustadının nəşi uzaq Sibirdən doğma yurduna gətirilmiş, bu əlamətdar hadisə Cavid irsinə bəslənən sevginin ifadəsi, əsrarəngiz yaradıcılığına göstərilən diqqətin başlanğıcı olmuşdur. Sonrakı dövrlərdə şairin 120, 130 illik yubileylərinin ölkə səviyyəsində qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi ilə muxtar respublikada “Hüseyn Cavid poeziya günləri”nin keçirilməsi bu məramın davamı olmuşdur. Dahi şairin 140 illiyinin dövlət səviyyəsində qeyd olunması onun bədii irsinə göstərilən ehtiramın təcəssümüdür.
    İncəsənət, Dil və  Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” mövzusunda etdiyi məruzədə şair-dramaturqun həyatı, zəngin yaradıcılığı təhlil olunub, onun lirik və dramaturgiya yaradıcılığının mühüm cəhətlərinə diqqət çəkilib. Məruzəçi Cavidin zəngin biliyinin və dünyagörüşünün onun yaradıcılığına misilsiz təsirindən söz açıb, türkçülük və turançılıq ideyalarının təbliği məsələsinə diqqət yetirib. Vurğulanıb ki, bənzərsiz əsərləri dünya klassikləri ilə səsləşən şairin yaradıcılığı humanizm ideyalarının təbliğinə, qəbul olunan düşüncə və təmayüllərin özünəməxsus ifadə üslubuna görə fərqlənir. 
    Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı Səbinə Dünyamalıyeva “Hüseyn Cavidin “Azər” poemasında bəşəri problemlər: Şərq və Qərb kontekstində”, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi Nərmin Abbasova isə “Hüseyn Cavidin “İblis” əsərinə bir baxış” mövzusunda çıxış ediblər. Çıxış edənlər hər iki əsərin mövzusu, ideyası, obrazların mənəvi dünyası və başqa önəmli məqamlara toxunublar.
    Bədii hissə ilə davam edən tədbirdə tələbələr böyük şairin sevilən lirik şeirlərini bədii qiraət ediblər.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 18.10.2022 20:52