AZ EN RU

Hüseyn Cavid anadan olmasının 141-ci ildönümündə yad edilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavidin xatirə kompleksini ziyarət edib, ədibin məzarı önünə gül dəstələri düzüblər.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində işlərin bu gün də uğurla aparıldığını diqqətə çatdıran aparat rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ədibin 120,135,140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Dramaturqun doğulduğu Naxçıvan torpağında xatirəsi hər zaman əziz tutulur, əsərləri Naxçıvan teatrında mütəmadi olaraq səhnələşdirilir, təbliği daim diqqətdə saxlanılır.
   Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edib, bədii yaradıcılığına şeirlə başlayan şairin sonralar qələmə aldığı əsərlərin ədəbiyyatımızın qızıl fondunu təşkil etdiyini vurğulayıb.
    Tədbir çıxışlarla davam edib, Hüseyn Cavidin əsərlərindən parçalar bədii qiraət olunub. Sonda Hüseyn Cavid guşəsinə baxış olub.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 24.10.2023 16:17