AZ EN RU

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə təlim keçilib

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar qəbul olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi davam edir.
    Növbəti belə tədbir Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə olub. Tələbələr aprelin 10-dan 14-dək davam edən layihə çərçivəsində Ali Məhkəmədə təlimə cəlb ediliblər. Həyata keçirilən layihənin məqsədi tələbələrə peşə vərdişlərini aşılamaq, gələcəyin hüquqşünaslarının biliklərini artırmaq, onlarda  nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri formalaşdırmaqdırmaqdan ibarətdir.
    Layihənin ilk günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Məhkəmə Hüquq islahatları” mövzusunda təlim keçilib, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılıb. 
    Növbəti gün tələbələr Ali Məhkəmənin müvafiq şöbələri ilə tanış olmuş, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılıb.
    Layihə çərçivəsində tələbələr elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilib, onların məhkəmə iclaslarında iştirakları təmin edilib. Tələbələr arasında hüququn nəzəri problemləri üzrə debat təşkil olunacaq, qalib komanda müəyyənləşdirilib.
    Layihənin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi tələbələrlə görüşüb. Görüş zamanı bildirilib ki, tədbirin keçirildiyi zaman, xüsusilə əlamətdardır, belə ki, bu il xalqımız Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndər tərəfindən əsası qoyulan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən hüquq islahatlarının ən vacib məqsədlərindən biri düzgün, bilikli və peşəkar hüquqşünasların yetişdirilməsi, onların hüquq sistemində layiqli yerlərini almasıdır. Qeyd olunub ki, gələcəkdə Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulub ki, bu da, öz növbəsində, tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində genişmiqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaq üçün geniş imkanlar yaradacaqdır.
    Sonda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tələbələrə gələcək peşə həyatlarında müvəffəqiyyət arzu edib. Layihədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2023 19:57