AZ EN RU

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Məhkəmə təcrübəsi: mülki və cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-nəzəri seminar keçirilib

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Məhkəmə təcrübəsi: mülki və cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-nəzəri seminar keçirib. 
    Tədbiri giriş sözü ilə açan universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov Ali Məhkəmə ilə universitet arasında imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma memorandumunu qeyd edərək memoranduma uyğun olaraq keçirilən belə tədbirlərin tələbələrin ixtisaslı kadr kimi yetişməsində əhəmiyyətini vurğulayıb.
    Sonra tələbələr üçün Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev tərəfindən “Vərəsəlik hüququna dair problemli məsələlər” mövzusunda seminar keçirilib. Tələbələrə Azərbaycan Respublikasının mülki qanunvericiliyində vərəsəlik hüququ, mirasın qəbulu, müqavilənin ləğvi və sair mövzularda ətraflı məlumat verilib.
    Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsini icra edən İlqar Mirzəyev “Cinayətlərin çoxluğunun bəzi aspektləri” barədə seminar mövzusu ilə çıxış edərək cinayət işləri üzrə tövsif, sübutetmə və məhkəmə istintaqının aktual problemləri və onların həlli yolları barədə ətraflı izahlar verib. 
    Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti 

Nəşr edilib : 25.10.2023 16:59