AZ EN RU

Hüquqları bərpa olunmuş mülkiyyətçilər minnətdarlıq edirlər

    Məlum olduğu kimi, 2023-cü il muxtar respublikada bir çox sahələrdə mühüm islahatların aparıldığı il kimi yaddaşlara yazıldı. Bu islahatlar içərisində ən çox diqqətçəkən məqamlardan biri də ötən dövrdə mülkiyyət hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpası ilə bağlı atılmış addımlardır. Bu günlərdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsindən aldığımız məlumata görə, ötən il adıçəkilən məhkəmə icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompensasiya tələbi üzrə 1000 iddia ərizəsi daxil olmuş və bunlardan 534 iş üzrə iddia tələbləri cavabdeh inzibati orqanlar tərəfindən məhkəmədənkənar qaydada təmin olunduğundan həmin işlər üzrə icraata xitam verilməsi barədə qərardadlar qəbul edilmişdir. Biz də “Şərq qapısı” qəzeti olaraq mülkiyyət hüquqları bərpa olunmuş həmin şəxslərdən bir neçəsi ilə görüşüb görülən işlər haqqında onların fikirlərini öyrənməyə çalışdıq.
    Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Əkrəm Cəfərov bizimlə söhbətində bildirdi ki, vaxtilə qəsəbədə dərzi kimi fəaliyyət göstərib və bunun üçün ayrıca iş yeri də olub. Fəaliyyət üçün bütün sənədləri qaydasında olsa da, 2007-ci ildə həmin iş yerinin olduğu bina sökülüb və bununla bağlı mülkiyyətçiyə heç bir kompensasiya ödənilməyib. Müsahibimizin hüquqları bir də 16 il sonra – 2023-cü ildə bərpa olunub. Belə ki, qəsəbənin mərkəzində bələdiyyə torpağından ona 144 kvadratmetr sahənin ayrılması təmin edilərək həmin ərazidə müvafiq binanın tikilməsinə razılıq verilib. Bunun üçün həmin torpaq sahəsi üçün çıxarış da alınıb, həmçinin tikinti üçün layihə sənədləri də təsdiq edilib. Əkrəm Cəfərov yaxın bir-iki gün ərzində tikintiyə icazə ilə bağlı sərəncamı aldıqdan sonra işlərə başlayacağını bildirdi. 
    Digər həmsöhbətimiz də Qıvraq qəsəbəsindən idi. Sahibkar Rəşid Nağıyevə məxsus mağaza və çayxana da vaxtilə söküldüyündən bu müsahibimizin də mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və ötən dövrdə hüquqları bərpa edilməmişdir. Yalnız 2022-ci ilin dekabr ayında muxtar respublikada səlahiyyətli nümayəndəlik institutunun yaradılmasından sonra bir çox sahibkarlar kimi, Rəşid Nağıyev də tələb olunan qaydada məhkəməyə müraciət etmiş, problemin həlli üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Nəticədə, bu qəsəbə sakininin də hüquqları bərpa edilmiş, vaxtilə obyektin söküldüyü ərazi yenidən sahibkarın özünə qaytarılaraq müvafiq binanın tikintisinə icazə verilmişdir. 
    İlyas Bayramov isə Naxçıvan şəhərindəndir. Vaxtilə şəhərin 57-ci məhəlləsində yerləşən bazarın qarşısındakı mağazası qanunsuz söküldüyünə görə onun da uzun illər hüquqları pozulub. 2023-cü ildə məhkəməyə müraciət edən sahibkar, nəhayət ki, istəyinə çatıb. Öyrəndik ki, kompensasiya üçün ona şəhərin fərqli tərəflərində torpaq sahələri təklif olunub. Həmin ərazilərin biri xidmət və ticarət obyektlərinin yerləşdiyi ərazi olsa da, sahəsi kiçik olduğundan razılaşmayıb. Təklif edilən digər ərazi isə yaşayış sahəsi üçün münasib olduğundan müsahibimiz bu ərazini özü üçün uyğun görüb. Yaxın günlərdə müvafiq sərəncamı alacağını deyən İlyas Bayramov, nəhayət ki, hüquqlarının bərpa olunduğu üçün və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. 
    Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ən çox müraciət iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə bağlı olub. Lakin dövlət idarəçiliyində yeni islahatların tətbiqi vətəndaşların, xüsusilə mülkiyyətçilərin hüquqlarının bərpasına şərait yaratmaqla yanaşı, sahibkarlarda məhkəmə-hüquq sisteminə inamı da artırır. Bizimlə həmsöhbət olan mülkiyyətçilər də bunu bir daha dilə gətirərək bu işdə əməyi olanlara minnətdarlıqlarını ifadə etdilər. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.01.2024 10:46