AZ EN RU

Hüquqi maarifləndirmə günün tələbidir

    Sual: Oğurluq hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?
    Cavab: Cinayət qanunvericiliyinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamadır. Əgər bu talama əmlakın mülkiyyətçisinə beş yüz manatadək məbləğdə ziyan vurmaqla törədilərsə, bu xırda talama hesab olunur. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Xırda talama əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 
    Cinayət qanunvericiliyinə əsasən isə özgənin əmlakını gizli olaraq talama əmlakın mülkiyyətçisinə beş yüz manatdan yuxarı məbləğdə ziyan vurmaqla törədilərsə, cinayət hesab olunur. Bu əməli törətmiş şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
    Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada isə zərərçəkmiş şəxsə yüz manatdan yuxarı məbləğdə ziyan vurduqda cinayət məsuliyyəti yaranır.
    Həmçinin bu tutulmuş əməllər, xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan mәblәğdə) ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və

insan hüquqları məsələləri şöbəsi

Nəşr edilib : 23.02.2023 20:30