AZ EN RU

Hüquqi maarifləndirmə günün tələbidir

    Sual: Hansı hallarda və müddətdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır?
    Cavab: Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən iki halda vərəsə mirası qəbul etmiş sayılır.
    Birinci halda vərəsə mirasın açıldığı yer üzrə Notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi haqqında ərizə yazılı formada olmalıdır. İkinci halda isə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
    Vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda da mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı ay müddət ərzində mirası qəbul etmədikdə, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, həmin müddəti uzada bilər.

Naxçıvan Muxtar Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkilinin 
(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 25.01.2022 18:47