AZ EN RU

Hüquqi Aktların Dövlət Reyestrindən istifadə edənlərin sayı artır

    Müasir dövrün əsas tələblərindən olan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə bilik və informasiyanın ötürülməsi gündəlik fəaliyyətimizə operativlik, asanlıq və digər üstünlükləri əlavə etməklə həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün vətəndaşlar internet resurslarından istifadə edərək  dövlətin və cəmiyyətin bütün sferalarında baş verən hadisələr, yeniliklər, dəyişikliklər və digər məlumatlarla tanış olurlar. Sözsüz ki, cəmiyyətin və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yeni yaranan ictimai münasibətləri tənzimləyən hüquqi aktların qəbulu prosesi də sürətlə artmaqdadır. Başqa sözlə desək, dövlətdə və cəmiyyət həyatında baş verən dəyişikliklər hüquq sisteminə də öz təsirini göstərir və nəticədə, ya yeni normalar yaranır, ya da mövcud normalardan günün tələbinə uyğun olmayan elementlər xaric olunur. Bu baxımdan 2011-ci il 19 iyul tarixdə “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan  Muxtar Respublikasının Qanununun qəbul edilməsi yeni qəbul edilən hüquqi aktların vahid və ümumi qaydalara söykənməsi üçün hüquqi əsas yaratmışdır. Həmin qanuna uyğun olaraq  normayaratma səlahiyyətinə malik orqanlar, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları, eyni zamanda yerli icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən fəaliyyət dairələrinə aid olan məsələlər üzrə hüquqi aktlar qəbul edirlər. 
    Qanunda əksini tapan mühüm yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması olmuşdur. Dövlət Reyestrinin yaradılmasında məqsəd, qəbul edilən hüquqi aktların aşkarlığının təmin edilməsinə nail olmaq, müvafiq dövlət orqanlarının qarşılıqlı əlaqələrini bu istiqamət üzrə müəyyən etməkdir. Reyestrin elektron variantının yaradılması ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən qanunvericilik  aktlarının mətni  ilə  birbaşa tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılır və fəaliyyət göstərdiyi müddətdə  reyestrə iki min dörd yüzdən çox  hüquqi akt daxil edilmişdir. 
    Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan bütün hüquqi aktlar “hüquqiaktlar.nakhchivan.az” internet saytında dərc edilir və ümumi istifadə  üçün daimi açıqlığı təmin olunur. Saytda hüquqi aktların məzmunu ilə tanışlıqla yanaşı, sənədlərin axtarışının həyata keçirilməsi də mümkündür. Eyni zamanda sayt milli qanunvericiliyin digər elektron bazasına daxil olmaq imkanı da yaradır. 
    Bu gün muxtar respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyətlə müşayiət edilir. Reyestrin geniş qanunvericilik bazasının əks olunması və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir. Zaman keçdikcə yeni hüquqi aktların reyestrə daxil edilməsinin nəticəsidir ki, ilbəil elektron istifadəçilərinin sayı artır.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 11.08.2022 19:28