AZ EN RU

Hüquq-mühafizə orqanlarında çalışan maliyyə-mühasibatlıq işçiləri təlimə cəlb edilib

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində ikigünlük təlim keçirilib.
    “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması” adlı təlimə muxtar respublikanın hüquq-mühafizə orqanlarında çalışan 22 maliyyə-mühasibatlıq işçisi cəlb olunub. Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, mahiyyəti və aktuallığı barədə məlumat verib. 
    Təlimin ilk günü Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov tərəfindən peşəkar mühasib sertifikasiyası haqqında maarifləndirici məlumat verilib, daha sonra “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının  nəzəri əsasları” modulu ətrafında slaydlarla təqdimat olunub. 
    Təqdimat zamanı düzəliş qeydlərinin mahiyyəti haqqında məlumat verilib, onun növləri, düzəlişlərin əks etdirilməsi, gəlir və xərc hesablarının bağlanması zamanı tarazlığın qorunması, əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər  izah edilib.  
    Növbəti gün “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının praktik izahı” modulu ətrafında Arzuman İmanov müəssisədə olunmuş düzəliş qeydlərinə aid praktik nümunələr əsasında əməliyyatların müxabirləşməsinin verilməsi, müvəqqəti hesabların bağlanması, düzəliş olunmuş və son sınaq balansının hazırlanması, maliyyə hesabatlarının tərtib olunmasını izah edib.
    Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.09.2022 19:05