AZ EN RU

Humanizmin Heydər Əliyev zirvəsi

    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il fevral ayının 10-da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Yaşamaq hüququ insanın ayrılmaz təbii hüququdur, yəni hər kəs bu hüquqa malikdir. Bu müddəa insan hüquqları haqqında bütün beynəlxalq aktlarda, o cümlədən bütün dünya dövlətlərinin əsas qanunlarında, konstitusiyalarında öz əksini tapmışdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul və bəyan edilən İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində qeyd olunur: “Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var”.
    Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsində isə göstərilir ki, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm hökmü nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa heç bir halda həyatdan məhrum edilə bilməz.
    Bəşəri dəyərlər əsasında hazırlanaraq ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təminatı dövlətin ali məqsədi olduğu təsbit edilmişdir. Konstitusiyanın 27-ci maddəsində qeyd olunur ki, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. 
    İnsan həyatının ali sosial dəyəri onun yaratdığı dövlət tərəfindən təmin edilir. Yaşamaq hüququ, ilk növbədə, təcavüzkar müharibələri və münaqişələri istisna edən sülhsevər xarici siyasətin dövlət tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yaşamaq hüququnun Konstitusiya təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Ölüm cəzası, demək olar ki, əbədi bir mövzudur. Tarixi mənbələrə görə isə ölüm cəzasının ləğvi ilə bağlı ilk müzakirələr eradan əvvəl 427-ci ilə təsadüf edir ki, həmin ildə Afina Məclisində bu məsələ müzakirə olunub. 
    Ulu Öndər Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsi respublikamızda gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri oldu. Ümummilli Liderin həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində insan hüquqlarının müdafiə edilməsi gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də normativ-hüquqi sənədlərdə öz əksini tapdı. Görkəmli dövlət xadimi insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoydu. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.
    Ölüm cəzasının ləğv edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi. Ölüm hökmünün ləğvi məsələsi müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. 
    Konstitusiyanın maddələrinin üçdəbir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali qanunumuzun 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin davamlı yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün reallaşdırılan tədbirlər, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün yaradılan sərbəstlik ölkəmizin beynəlxalq aləmə daha sürətlə inteqrasiyasına böyük zəmin yaradıb.
    Ulu Öndər Heydər Əiyev 1995-ci ildə amnistiya institutunu da təsis etdi. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradıldı. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Belə ki, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktı 77 mindən çox insana şamil edilib.
    Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycanda Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək barələrində belə hökm çıxarılmış insanların cəzası ömürlük həbs cəzası ilə əvəzlənib. Halbuki ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.
    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə tarixi müraciəti isə humanizmin Heydər Əliyev zirvəsidir. Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan edib. Bu məqsədə nail olmaq üçün dövlətimizdə ümumbəşəri dəyərlərə və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan qanunvericilik bazası yaradılır. Hazırda bu siyasətin ardıcıl və məqsədyönlü davam etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Məramı dünyəvi, hüquqi dövlət qurmaq olan Azərbaycan Respublikasında hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququna əsaslı təminatlar verilib, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunub. Konstitusiyada ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilib və daimi cəza növü kimi nəzərdə tutulmayıb. İnsan ləyaqətinə, bütövlükdə, insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir.
    Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvinin ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut etdiyini vurğulayan Ulu Öndər bütün bunları Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gələn, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verən, cəmiyyətimizi insaniləşdirən, insan ləyaqətinə hörmət və ehtiramı bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirən, xalqımızda nikbin gələcəyə inam yaradan ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq bu tarixi bəyanatı verib. Ölüm cəzasının ləğvi məhz bu siyasətin məntiqi nəticəsidir. 
    Azərbaycanda ölüm cəzasının ləğvi bu cəzaya məhkum olunmuşların vəziyyətini yüngülləşdirib və humanist addım kimi qiymətləndirilməlidir. Ölüm cəzasının ləğvi ölkə­mizin Avropa məkanına inteqrasiyası baxımından cox əhəmiyyətli bir addımdır. Ölüm cəzasından fərqli olaraq ömürlük azadlıqdan məhrumetmə barəsində bu cəza təyin olunmuş şəxslərin gələcəkdə azad edilmə imkanlarını da nəzərdə tutmaqla onların islah edilməsini stimullaşdırır.
    Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. İmzalanan əfv sərəncamları ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən birinə çevrilib. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə, bütövlükdə, təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb.
    Ümummilli Lider Heydər Əliyev ölkəmizdə qanunun aliliyini hər şeydən üstün tutaraq qanunlarımıza əməl etməyin hər bir kəsin ən ümdə borcu olduğunu bildirirdi: “Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

    Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri

Nəşr edilib : 09.02.2023 21:06