AZ EN RU

Humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən “Məlhəm” Beynəlxalq Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sevgi ən böyük məlhəmdir!” şüarı altında tibbi aksiya keçirilir. Biz də mərkəzdə tədbirin təşkilatçıları, həkimlər, həmçinin müayinə və müalicə məqsədilə bu səhiyyə müəssisəsinə üz tutan insanlarla həmsöhbət olduq.

    Hospitalın direktoru Sevda Əlizadə bildirdi ki, dahi rəhbərin doğulub boya-başa çatdığı qədim Naxçıvan torpağında həm Onun 100 illiyi, həm də 28 May – Müstəqillik Günü münasibətilə 25-27 may 2023-cü il tarixlərdə baş tutan aksiya çərçivəsində “Məlhəm” Beynəlxalq Hospitalında çalışan 10 yüksəkixtisaslı həkimdən ibarət heyət muxtar respublika əhalisinə müxtəlif ixtisaslar üzrə ödənişsiz tibbi xidmət göstərir. Sevda xanımın sözlərinə görə, bu, hospitalın Naxçıvanda təşkil etdiyi ilk humanitar aksiyadır. Bu ilin sonuna kimi muxtar respublikanın rayonlarında da aksiyalarımızı davam etdirəcəyik.  Burada yaşayan və paytaxta getmək imkanı olmayan xəstələri müayinə edən həkimlərimiz alınan nəticələrə uyğun lazımi tövsiyələr verirlər. Sevda xanım onu da bildirdi ki, Naxçıvanın gəzməli və görməli yerləri – Əshabi-kəhf ziyarətgahı və Batabat yaylağı, buradakı Zorbulaq həkimlərdə xoş təəssüratlar yaradıb. 
    Diaqnostika Müalicə Mərkəzinin direktor müavini Vüqar Babayev: – Xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu tipli tədbirlər müayinə və müalicəni daha əlçatan etməklə yanaşı, muxtar respublikadan kənarda öz dərdinə əlac axtaran insanların da sayını azaldır. Dəfələrlə muxtar respublikanın müxtəlif səhiyyə ocaqlarında humanitar aksiyalar olub, əhalinin müalicə və müayinəsini həyata keçirib. Mərkəzimiz bütün imkanları ilə müayinə və müalicə aparan həkimlərin ixtiyarındadır. 
    Azərbaycan Tibb Universitetinin dosenti Rəşad Məmmədov: – Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi uğurla həyata keçirilir. Humanitar tibbi aksiyaları da görülən bu işlərin tərkib hissəsi kimi dəyərləndiririk. Burada olmaq, insanların sağlamlıqlarına töhfəmizi vermək qürurvericidir.
    Tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Leyla Qəhrəmanova deyir ki, müayinə apardığı oftalmologiya kabinəsində müasir avadanlıqların olması bu sahə üzrə çalışan həkimlərin işlərini xeyli asanlaşdırır. Bu, xəstələrə düzgün diaqnoz qoymağa imkan verir. 
    Leyla həkimin bir az öncə müayinə etdiyi Naxçıvan şəhər sakini Zeynəb Əliyeva söhbətə qoşularaq bildirir ki, bu gün buraya gözlərimi müayinə etdirmək üçün üz tutmuşdum, gələndə Bakı şəhərindən də həkimlərin gəldiyini eşitdim. Leyla həkim gözlərimi müayinə etdi. Dərmanlar yazdı, əməliyyata ehtiyacım olduğunu bildirdi. Allah bu şəraiti yaradanlardan razı olsun. Dövlətimiz var olsun!
    Bildirək ki, Diaqnostika Müalicə Mərkəzinin həkimləri də həmişə olduğu kimi, bu gün də insanların sağlamlığının qayğısına qalır, əllərindən gələni edirlər. Məhəmməd Vəliyev gənc olmasına baxmayaraq, təkcə muxtar respublikada deyil, diyarımızdan kənarda da tanınan oftalmoloqlardandır. O, təkcə Naxçıvanda keçirilən humanitar aksiyalarda insanlara yardım etmir. Bir neçə beynəlxalq humanitar aksiyanın iştirakçısı kimi dünyanın yoxsulluqdan əziyyət çəkən ölkələrinə gedir. Gənc həkim deyir ki, humanitar aksiyalarda həkimlər arasında təcrübə mübadiləsi imkanı yaranır. Ona görə də belə tədbirləri dəstəkləyir, xəstələrə yardımçı olmaq üçün əllərindən gələni edirlər. 
    Növbəti müsahibim xəstəxananın həkim-cərrahı Nazim İbrahimovdur. O bildirdi ki, tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində müalicəyə cəlb edilirlər. 
    Dünyada elə insanlar var ki, onlar əbədiyyətə qovuşduqdan sonra da əməlləri yaşayır. Dahi rəhbərin ömrünü həsr etdiyi, canından çox sevdiyi Azərbaycan bu gün hər sahədə Onun arzu etdiyi kimi inkişaf edir , gözəlləşir. Vətəninin ən dəyərli sərvəti olan vətəndaşlarının qayğısına qalınır. Bugünkü aksiya da Onun adı ilə bağlıdır. Bu gün burada sağlamlığına qovuşmağa gələn hər bir vətəndaş belə qayğının Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə ehtiramın ifadəsi olduğunu dərindən dərk edir. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 26.05.2023 21:05