AZ EN RU

Humanitar aksiyalar muxtar respublikada insan amilinə verilən ən yüksək dəyərdir

    Respublikamızda və onun ayrılmaz tərkib hissəsi olan diyarımızda  müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlıqlarının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yerləşən səhiyyə ocaqlarında yaradılan şərait tibb işçilərinin insanların sağlamlığının qayğısına daha yaxşı qalmasına geniş imkanlar açır. İnsanların sağlamlıqlarına qovuşmalarına köməklik etmək kimi humanist addımlara isə diyarımızda tez-tez rast gəlirik.  Naxçıvan şəhərindəki xəstəxanalar da yerində xidmət göstərməklə yanaşı, öz həkim kollektivi ilə birlikdə ucqar dağ kəndlərinə gedərək humanitar aksiyalar həyata keçirir. Yüksəkixtisaslı həkim briqadalarının yurdumuzun hər bir kəndinə, şəhərinə gedərək humanitar tibbi aksiyalar keçirməsi ilə yanaşı,  Bakı şəhərindən yüksək­ixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatların aparılması, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Belə tədbirlərin davamı olaraq yanvarın 12-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılovun rəhbərliyilə 15 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyəti növbəti dəfə muxtar respublikamıza dəvət olunaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiyaya start verilib. Onlar 13 dekabr 2022-ci il tarixdən şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələr arasında müayinələrin və müalicələrin ödənişsiz olduğu tibbi aksiyaya başlayıblar.

    Qeyd edək ki, aksiya müddətində pasiyentlər cərrahi, hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar. Həkim heyəti tərəfindən əməliyyat olunması tövsiyə edilənlərin pulsuz cərrahiyyə əməliyyatı da aparılır. 
    Xatırladaq ki, müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyi tərəfindən lazımi şərait də yaradılıb. Aksiya çərçivəsində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir. Bütövlükdə, aksiyanın ilk günü 352 müayinə və cərrahi əməliyyat aparılıb. Əməliyyat olunanlar həkim nəzarəti altındadır. Onlardan 2 nəfər tam yaxşılaşma ilə artıq evə buraxılıb.
    Humanitar tibbi aksiya bu gün davam etdirilir. Biz də həkimlərin bir neçəsi ilə həmsöhbət olduq. 
    Diaqnostika Müalicə Mərkəzinin baş həkimi Nihad Seyidov:
    – Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunub. Bu da əhalinin müayinə və müalicə üçün başqa ölkə­lərə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstəkdir. Yaradılan bu unikal şəraitə görə kollektivimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımı bildirirəm.
    Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, həkim-cərrah Azər İsmayılovla əməliyyat öncəsi həmsöhbət oluruq. Həkim deyir ki, xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu tipli tədbirlər müayinə və müalicəni daha əlçatan etməklə yanaşı, muxtar respublikadan kənarda öz dərdinə əlac axtaran insanların da sayını azaldır.  Dəfələrlə muxtar respublikanın müxtəlif səhiyyə ocaqlarında humanitar aksiyalarda iştirak etdiyini vurğulayan həkim bildirir ki, hər  səfər zamanı Naxçıvanın təkcə tibb ocaqlarının deyil, ümumilikdə,  bütün sahələrdə inkişafını görmək, muxtar respublikada tibbi xidmətin səviyyəsi böyük qürur yaşadır. 
    Bakı şəhərindən yurdumuza bu xeyirxah iş üçün gələn ümumi cərrah, professor Elmir Bəşirov: – Səhiyyə sistemində son illər uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə, səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Muxtar respublika rəhbərinin də sosial siyasətinin əsas prioriteti olan səhiyyə sistemində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir. Keçirilən humanitar tibbi aksiyalar da görülən bu işlərin tərkib hissəsidir. Naxçıvan şəhəri çox təmiz, gözəl və müasirlik ilə qədimliyin vəhdət təşkil etdiyi bir diyardır.
       Diaqnostika Müalicə Mərkəzinin şöbə müdiri Ənvər Şıxəliyev 40 ildən artıqdır ki, anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. O, Azərbaycan Respublikasının Əməkdar həkimidir. Tələbəlik illəri və fəaliyyətə başladığı vaxtlar sovetlər dönəminə təsadüf edən həkim deyir ki, həmin vaxtlarda belə yüksək şəraitə malik səhiyyə ocaqlarından söhbət gedə bilməzdi. Bu gün səhiyyə ocaqlarımıza girəndə insan qürurlanır. Biz həkimlərin ən ümdə borcu insanlara tibbi xidmət göstərmək, onların sağlamlığının keşiyində dayanmaqdır. Bu işdə dövlətimizə arxalanırıq. Humanitar aksiya çərçivəsində onlarla insan əməliyyat edilərək öz sağlamlığına qovuşur. Bu tədbirlər həm də  insanlara maddi cəhətdən dəstək olur. 
    Məhəmməd Vəliyev gənc olmasına baxmayaraq, təkcə muxtar respublikada deyil, diyarımız­dan kənarda da tanınan cərrah-oftalmoloqlardandır. O təkcə Naxçıvanda keçirilən humanitar aksiyalarda insanlara yardım etmir. Bir neçə beynəlxalq humanitar aksiya iştirakçıları ilə dünyanın yoxsulluqdan əziyyət çəkən ölkələrində olub. Deyir ki, ötən il Afrika qitəsinin Mali Respublikasının paytaxtı olan Bomako şəhərində 250-dən çox əməliyyat və 1000-dən çox müayinə aparıb. Orda təlimlər  keçib. 
    Bakı şəhərindən gələn  digər bir həkim-oftalmoloq Vüsalə Əsədova ilə həmsöhbət oluruq: 
    – Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində müalicəyə cəlb olunurlar. Həkimlik dünyanın ən gözəl və çətin, şərəfli peşəsidir. Naxçıvanda özünü doğma evimdəki kimi hiss edirəm. Belə bir diyarda insanlara şəfa bəxş etmək, qaranlıq bir gözlərin nurunu yenidən qaytarmaq kimi gözəl heç nə ola bilməz bu həyatda. Bu tədbirləri təşkil edənlərə minnətdarlığımı bildirirəm. 
    Şəhid leytenant Yadulla Nəcəfovun anası Culfa şəhər sakini Xuraman Zeynallı keçirilən aksiyadan yararlanıb. O, ürək ağrıları şikayəti ilə həkimə müraciət edib və üzərində koronar angioqrafiya müalicəsi aparılıb. 
    Xuraman Zeynallı onu da bildirdi ki, ötənilki aksiyalarda həyat yoldaşı Məhəmməd Nəcəfovun da üzərində təmənnasız açıq ürək əməliyyatı aparılıb. Hazırda vəziyyəti yaxşıdır. Xuraman ana şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etdi.
    Culfa rayon Milax kənd sakini Bahar Novruzovanın ürəyi minnətdarlıq hissi ilə dolub daşır. O deyir: – Muxtar respublikamızdakı xəstəxanalarda hər cür şərait var, həkimlər də əlindən gələni edir hər zaman.  Bu gün buraya gözlərimi müayinəyə  gələndə Bakı şəhərindən də qonaqlarımız olduğunu eşitdim. Sağ olsun, Vüsalə qızım gözlərimi müayinə etdi. Dərmanlar yazdı. Allah bu şəraiti yaradanlardan razı olsun. Dövlətimiz var olsun. Mən bir ana kimi bu şəraiti yaradanlara ömrünüz duz dağına dönsün, Allah da sizi qorusun, – deyirəm. 
    Bir neçə həkim və şəfa tapmağa gələn insanla etdiyimiz söhbətlər, sakinlərdən, gələn qonaqlardan  eşidib  qələmə  aldığımız  cümlələr bir anlıq “tərifi” yerə göyə sığdırılmayan  illərə aparır insanı... Həmin illər ki, hər tərəfdən bağlı bir ölkədə yaşayır və elə bilirdik ki, hər şeyin ən yaxşısı bizdədir. Sən demə, qollarımızı bağlayan  əsarət zəncirinin ətrafında çox gözəl və müasir bir dünya var imiş. Biz bunu müstəqillik qazanandan və Vətənimizin səmasında əbədiyyət Günəşi doğulandan sonra gördük. Bəli, o Günəşin şəfəqlərinin parlaqlığı bizi bu gözəl günlərə çıxardı. İnsanların bir-birini satmadığı, əksinə, əlindən tutduğu günlərə. Həkimlərin heç bir qarşılıq gözləmədən insanlara şəfa bəxş etdiyi günlərə.   

Ramiyyə ƏKBƏROVA
Hüseyn ƏSGƏROV

Nəşr edilib : 14.01.2022 00:32