AZ EN RU

Humanitar aksiya – qardaşlığın daha bir nümunəsi

    İnsanların sağlamlıqlarına qovuşmalarına köməklik etmək kimi humanist addımlara diyarımızda tez-tez rast gəlirik. Naxçıvan şəhərindəki və rayon mərkəzlərindəki xəstəxanaların kollektivləri də yerində xidmət göstərməklə yanaşı, ucqar dağ kəndlərinə gedərək humanitar aksiyalar həyata keçirir. Bununla yanaşı, Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq onların iştirakı ilə müxtəlif cərrahi əməliyyatların aparılması, humanitar tibbi aksiyaların keçirilməsi də ənənə halını alıb. Belə tədbirlərin davamı olaraq sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə qardaş Türkiyə respublikasının tanınmış səhiyyə ocağı olan “Medikal Park” xəstəxanalar qrupunun həkimlərindən ibarət briqada Naxçıvana gəlib. Əvvəlcə heyət Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovla görüşüb. Görüş zamanı əlaqələrin daha da genişlənəcəyi, türkiyəli həkimlərin gələcəkdə də Naxçıvanda səhiyyə xidmətinin inkişafına dəstək olacaqları bildirilib. Sonra Naxçıvan Sağlamlıq Mərkəzində humanitar tibbi aksiyaya start verilib. Türkiyəli həkimlər onlara müraciət edən xəstələri müayinə edib, lazımi tövsiyələr veriblər.

    Biz də həkimlərlə həmsöhbət olmazdan əvvəl Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini Samiq Sadıxovun son aylarda səhiyyə sahəsində aparılan islahatlar və keçirilən aksiyalar barədə fikirlərini öyrənmək fürsəti əldə etdik. Nazir müavini qeyd etdi ki, respublikamızda və onun ayrılmaz tərkib hissəsi olan diyarımızda müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlıqlarının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yerləşən səhiyyə ocaqlarında yaradılan şərait tibb işçilərinin insanların sağlamlığı qayğısına daha yaxşı qalmasına kömək edir. Hazırda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində köklü islahatlar həyata keçirilir, dünya təcrübəsinə əsaslanmaqla struktur yenilikləri aparılır. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, tibbi xidmətin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. 
    Son aylarda dövlətimizin dəstəyi ilə Naxçıvanda səhiyyə sahəsində bir çox işlər görülməsi paytaxt Bakıda və qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən tanınmış xəstəxanaların da diqqətini cəlb edir. Ötən aylarda Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə paytaxtda yerləşən tanınmış xəstəxanalardan olan “Məlhəm” və “Liv Bona Dea” beynəlxalq hospitalların yüksəkixtisaslı professor-həkim heyəti muxtar respublikada humanitar aksiya keçirdi, yurdumuzun azyaşlı sakinləri də bu aksiyadan yararlandılar. Hazırda Türkiyənin tanınmış xəstəxana qrupunun həkimləri burada humanitar aksiya keçirməyə gəliblər. Bu cür peşəkar həkimlərin iştirakı ilə aksiyaların keçirilməsi, həm əhalinin həkim müayinələrinə olan tələbatının ödənilməsi, həm də yerli həkim heyəti ilə təcrübə mübadilələrinin aparılması baxımından çox əhəmiyyətlidir. 
    Nazir müavini onu da bildirdi ki, səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə mürəkkəb əməliyyatlar həyata keçirilir. Bu da əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olur. Xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab edilir. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Həkimlər arasında fikir mübadiləsi aparılır. İnsanlarımız keyfiyyətli tibbi xidmətlə təmin olunur. Samiq Sadıxov onu da xüsusilə vurğuladı ki, qardaş ölkənin professor-həkimləri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi arasında əməkdaşlığın da yaradılması üçün danışıqlar aparılır. 
    “Medikal Park” xəstəxanalar qrupunun beynəlxalq təşviq və biznesin inkişafı mərkəzinin icraçı direktorunun müavini Madina Lakerbaya bildirdi ki, Türkiyənin ən böyük xəstəxana qrupu olan “Medikal Park”ın həkimləri Naxçıvan Səhiyyə Nazirliyinin dəstəyi ilə buradadır: –  Məmnunuq ki, doğma olan Azərbaycanda insanların müayinə və müalicəsinə köməklik edə bilirik. Hər yaş qrupundan olan xəstələrin müayinəsi üçün burada əlimizdən gələni edirik. Hematoloq, neyrocərrah, travmatoloq-ortoped, uşaq qan xərçəngi və ilik nəqli mütəxəssislərimiz burada bir gün ərzində sakinləri müayinə edəcək, ehtiyac olarsa, həmin xəstələr İstanbulda və başqa bölgələrimizdə yerləşən xəstəxanalara dəvət ediləcək. “Medikal Park” xəstəxanalar qurupunun təkcə Türkiyədə deyil, bir neçə xarici dövlətdə də xəstəxanalarının fəaliyyət göstərdiyini qeyd edən müsahibim onu da dedi ki, bu onun Azərbaycana ikinci gəlişidir, özünü sanki öz yurdundakı kimi hesab edir: “Naxçıvanın səmimi, gülərüz insanlarını tanımaq çox gözəldir. Bu şəhər rahat yaşamaq üçün çox gözəl bir məkandır. Havası təmiz, insanları səmimi, sakit bir şəhər deyəndə həmişə Naxçıvanı xatırlayacağam”.
    “Medikal Park” xəstəxanalar qrupunun İstanbul şəhərində yerləşən xəstəxanasından gələn uşaq hematoloqu, professor Tunc Fışqın:
    – Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində müalicəyə cəlb olunurlar. Buranı özümə doğma hiss edirəm. Havası, suyu saf, təmiz və sakinləri o qədər cana yaxındır ki, sanki öz evindəsən. İnsanlara şəfa bəxş etməkdən gözəl heç nə ola bilməz bu həyatda. Səhiyyə ocağı ilə də tanış olduq. Tibbi heyət çox səmimi, peşəsini sevən və gülərüz insanlardır. Xəstəxanada müasir tibb avadanlıqları var. Burada yaradılan şərait çox gözəldir. Gələcək aylarda bu kimi tədbirlərin davamı olsa, yenə də gəlib iştirak etməyi özümüzə borc bilirik. Çünki siz azərbaycanlılar bizim can qardaşımız, çətin və sevincli günlərimizin yoldaşısınız. 
    Humanitar tibbi aksiya üçün Naxçıvana gələn neyrocərrah Sait Öztürk ilə də həmsöhbət olduq: – Bu, Naxçıvana ilk gəlişim olsa da, özümü yurdumdakı kimi hiss edirəm. Dilimiz, dinimiz bir olan insanlara xidmət edə bilmək qürurvericidir. İnsanları müayinə etdikcə onların gözlərindəki səmimiyyəti, minnətdarlıq hissini gördükcə atalarımızın “bir millət, iki dövlət sevinci də, kədəri də bizimdir” sözlərini xatırlayıram. Gələcək aylarda buraya yenə gəlməyi düşünürük. 
    Qeyd edək ki, aksiyada 300-ə yaxın xəstə müayinəsi həyata keçirilib. Həkimlərdən bir neçəsi tibbi xidmətlə yanaşı, tibbi təhsillə də məşğul olduqlarını, öz təcrübə və bilikləri ilə Naxçıvanda tibb təhsili sahəsində də göstərməyin onlar üçün çox xoş olacağını bildirdilər.

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 13.09.2023 10:05