AZ EN RU

“HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təlim keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Naxçıvan” Universitetində “Simli şəbəkələrin arxitekturası”, “FTTH şəbəkəsi – Mənzilə qədər optik kabel üzərindən dar və genişzolaqlı xidmət” və “5G texnologiyası” mövzularında təlim keçirilib.
    “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva tədbirin mahiyyəti haqqında məlumat verib, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsinə  göstərilən dövlət qayğısından danışıb, “HUAWEİ Technologies Azerbaijan” MMC-nin icraçı məsul şəxsi Tural Zərbəliyev isə təlimdə iştirak edən tələbələrə slayd vasitəsilə təlim keçibdir. Təlimçi qeyd edib ki, şəbəkələrin qurulması üçün lazımi protokollar, standartlar, eləcə də əlaqənin yaradılmasında istifadə olunan kabellərlə bərabər həm də şəbəkə arxitekturası da müəyyənləşdirilməlidir. Şəbəkənin iş qabiliyyətli olması üçün standartlar, topologiyalar və aşağı səviyyə protokolları yığımı şəbəkə arxitekturası adlanır. Şəbəkə texnologiyalarının inkişafı nəticəsində çoxlu sayda şəbəkə arxitekturaları işlənib hazırlanmışdır. 
    Təlimdə 5G texnologiyası haqqında da məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.02.2022 21:55