AZ EN RU

“HUAWEI” şirkətinin mütəxəssisləri tərəfindən seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nazirliyin aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəssisləri və kabelçi-lehimləyicilər üçün “Yeni GPON texnologiyaları” mövzusunda seminar keçirilib.
    Nazirliyin Məlumat hesablama və informasiya texnologiyaları şöbəsinin müdiri Etibar Əjdərov tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, nazirlik tərəfindən kadr hazırlığı prioritet olmaqla işçilərin aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri məqsədilə müvafiq tədbirlər həyata keçirilir. 
    “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərlə iş üzrə direktoru Jao Hongbo “HUAWEI” texnologiyalarından danışarkən qeyd edib ki, şirkət müştərilərə keyfiyyətli məhsul və xidmətlər təqdim edir, o cümlədən HUAWEI tərəfindən istehsal olunan ağıllı cihazlarla insanların bütün sahələrdə rəqəmsal təcrübəsini təkmilləşdirir.
    “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Murad Cümşüdov isə iştirakçılara slayd və videomateriallar vasitəsilə təlim keçib.Təlimçi XPON, XDSL, VDSL, HDSL/HDSL2 texnologiyaları ilə yanaşı, yeni GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyaları və üstünlüklərindən bəhs edərək bildirib ki, bu texnologiya hazırda ən müasir fiber-optik şəbəkələrdən olub abunəçinin bir fiber-optik xətt üzərindən multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verir. Bu yeni texnologiyanın üstünlüklərinə gəldikdə isə yüksək ötürmə qabiliyyəti, 100 Mbit/saniyəyə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması, abunəçinin bir cihazdan bir neçə xidmətə eyni vaxtda qoşulmasına imkan yaradır.
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 29.06.2022 19:22